İlahiyyat İnstitutunun fənn sillabuslarına gender bərabərliyinə dair mövzular əlavə edildi
13.12.2021

Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin Əhali Fondu və BMT-nin Qadınlar üzrə Agentliyinin birgə həyata keçirdiyi “Avropa İttifaqı gender bərabərliyi naminə: gender stereotipləri və gender əsaslı zorakılığa qarşı” (EU4GE) proqramının icrası çərçivəsində Azərbaycan İlahiyyat İnstitutunun fənn sillabuslarına gender bərabərliyinə dair mövzular əlavə edilib.

10 dekabr 2021-ci il tarixdə Azərbaycan İlahiyyat İnstitutunun elmi-pedaqoji və tələbə heyəti, BMT-nin Əhali Fondunun Azərbaycandakı nümayəndəliyi, Dini Qurumlar üzrə Dövlət Komitəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, o cümlədən vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə açıq dərs keçirilib. Tədbirdə “Dinşünaslıq” və “İslamşünaslıq” ixtisasları üzrə fənn sillabuslarına inteqrasiya olunan gender bərabərliyinə dair mövzuların təqdimatı və müzakirəsi baş tutub. 

EU4GE proqramı çərçivəsində “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi tərəfindən icra edilən layihə cəmiyyətdə mövcud olan gender stereotipləri və ayrı-seçkiliyin qarşısının alınmasına yönəlmiş fəaliyyətlərdə dini icma nümayəndələrinin iştirakını gücləndirmək üçün gender-transformativ bacarıqların artırılması məqsədi daşıyır.

Visiontv.az