Heç bir Rusiya prezidenti Krımı Ukraynaya verməz - Almaniyanın keçmiş kansleri Gerhard Şröder
18.01.2021

“Heç bir Rusiya prezidenti Krımı Ukraynaya verməz.”

Bu sözləri Almaniyanın keçmiş federal-kansleri Gerhard Şröder “Der Spiegel” jurnalına müsahibəsində səsləndirib.

Hazırda Rusiyanın "Rosneft" və "Qazprom" kimi neft və qaz nəhənglərində çox önəmli vəzifələr tutan və Putinlə şəxsi dostluq münasibətləri olan Gerhard Şröder bu son illər ərzində ilk dəfədir ki, Rusiyanın ünvanına tənqidi fikirlərlə çıxış edib.

Rusiyanın qırmızı xəttləri keçdiyini deyən G.Şröder eyni zamanda "Krımın anneksiya olunması açıq şəkildə beynəlxalq hüququn pozulması demək idi" fikrini dilə gətirib.

G.Şröder həmçinin qeyd edib ki, Ukrayna Şimali Atlantika alyansınının (NATO-nun) şərqə doğru genişlənməsi ilə bağlı aparılan siyasətin qurbanı olub və Krımı itirib.

Sabiq federal-kansler özünün hakimiyyətdə olduğu dövrdə bir çox Şərqi Avropa ölkəsinin həm NATO, həm də Avropa Birliyinə daxil olduğunu qeyd edib və bunun təbii proses olduğunu vurğulayıb.

Şröderin fikrincə, "həmin dövlətlər öz hüquqlarından istifadə ediblər. Ancaq ABŞ-ın Ukrayna və Gürcüstanı da NATO-da görmək istəməsi problem yaratdı. Əslində onları həqiqətən də NATO-ya üzv etməyə hazırlaşmırdıq. Birləşmiş Ştatlar üçün bu sadəcə Rusiyanı mühasirəyə almaq strategiyasından başqa bir şey deyildi”.

Məhz bu baxımdan G.Şröder Gürcüstan və Ukryananın NATO-ya üzv olması ilə bağlı diskussiyaların mənasız və yersiz olduğunu bildirib.

G.Şröder Krım məsələsinin üzərində xüsusilə geniş dayanıb və Krımın Rusiya tərəfindən beynəlxlaq hüquq normalarının kobud şəkildə pozulması və işğal edilməsi fikrini söyləyib. Ancaq eyni zamanda o, dolayısı yolla Rusiyaya haqq qazandırmağa çalışıb:

“Gəlin bir anda təsəvvür edək ki, Ukrayna doğrudan da NATO-daxil olub. O, zaman, Rusiyanın əsas dəniz limanlarından biri sayılan Sevastopol Qərb alyansının tərkibinə keçəcəkdi”.

Alman siyasətçi bundan sonra heç bir Rusiya prezidentinin Krımı Ukraynaya geri verməyə razı olmayacağını bildirib.

Əlbəttə, bunlar G.Şröderin subyektiv şəxsi fikirləridir. O, öz biznes maraqlarından və Almaniyanın siyasi-iqtisadi maraqlarından çıxış edərək danışıb.

“Rosneft” şirkətinin direktorlar şurasının sədrikimi "Qazprom"un "Şimal axını-2" layihəsinin rəhbəri kimi bütün fəaliyyəti Rusiyanın Ukrayna və Polşa ilə münasibətlərinin pisləşməsinə xidmət etdiyi üçün, indi onun Ukraynanın və Gürcüstanın NATO-ya üzv olmasının əleyhinə bu cür pessimist fikirlər səsləndirməsi də anlaşılandır. Necə deyərlər, xoruzun quyruğu görünür.

Bəybala Mirzəyev

Visiontv.az