Hamının doğru bildiyi kiçik yanlışlar
11.08.2026

Sankt-Peterburq şəhərini 1703-cü ildə Rusiya çarı I Pyotr — Böyük Pyotr salıb. Buna görə çox adam düşünür ki, şəhər də onun şərəfinə Peterburq adlandırılıb.

Amma əslində belə deyil.

Şəhər Böyük Pyotrun deyil, onun himayədarı sayılan Müqəddəs Pyotrun — apostol Peterin şərəfinə adlandırılıb. Müqəddəs Pyotr İsa Məsihin on iki həvarisindən biri və xristianlıq tarixinin ən mühüm simalarından biridir.

Yəni maraqlı vəziyyət yaranır:

Şəhəri Pyotr salıb, amma şəhərin adındakı Pyotr həmin Pyotr deyil.

Tarixdə belə yanlış bildiyimiz başqa maraqlı şeylər də var.

Məsələn, Amerika.

Amerikanın kəşfi deyiləndə hamının ağlına Xristofor Kolumb gəlir. Amma qitə Kolumbun deyil, səyyah Ameriqo Vespuççinin adını daşıyır. 1507-ci ildə kartoqraf Martin Valdzemüller yeni torpaqları xəritəsində “America” adlandırdı və bu ad sonradan qaldı.

Yaxud Londondakı məşhur Big Ben.

Çoxumuz Big Ben deyəndə o nəhəng saat qülləsini nəzərdə tuturuq. Əslində isə Big Ben qüllənin adı deyil, qüllənin içindəki böyük zəngin ləqəbidir. Qüllənin indiki rəsmi adı Elizabeth Towerdır.

Bir də Sezar salatı.

Adına baxıb adam düşünə bilər ki, bunun Roma imperatoru Yuli Sezarla hansısa əlaqəsi var. Heç bir əlaqəsi yoxdur. Salat adını XX əsrdə restoran sahibi olmuş italyan əsilli Caesar Cardinidən götürüb.

Beləcə:

Peterburqu Pyotr salıb — amma şəhər onun adını daşımır.

Amerikanı Kolumb məşhurlaşdırıb — amma qitə onun adını daşımır.

Big Ben dediyimiz — əslində qüllə deyil.

Sezar salatının isə Yuli Sezarla heç bir əlaqəsi yoxdur…

Elbəyi Həsənli

visiontv.az