Hakimlərin Qiymətləndirilməsi Komitəsi yaradılacaq
07.11.2024

Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi üçün Məhkəmə-Hüquq Şurasının ixtisaslaşdırılmış orqanı – Hakimlərin Qiymətləndirilməsi Komitəsi yaradılacaq.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Məhkəmə-Hüquq Şurası haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Məhkəmə-Hüquq Şurası hakimlərin fəaliyyətinin qiymətləndirilməsi məqsədilə 9 üzvdən ibarət aşağıdakı tərkibdə Hakimlərin Qiymətləndirilməsi Komitəsini formalaşdıracaq:

- Ali Məhkəmənin 3 hakimi;

- apellyasiya instansiyası məhkəmələrinin 3 hakimi;

- birinci instansiya məhkəmələrinin 3 hakimi.

Məhkəmə-Hüquq Şurasının və ya Hakimlərin Seçki Komitəsinin üzvü eyni zamanda Hakimlərin Qiymətləndirilməsi Komitəsinin üzvü ola bilməz. Hakimlərin Qiymətləndirilməsi Komitəsinin üzvlərinin səlahiyyət müddəti 5 ildir. Hakimlərin Qiymətləndirilməsi Komitəsinin fəaliyyəti dövlət büdcəsindən Məhkəmə-Hüquq Şurasına ayrılmış vəsait hesabına Şura tərəfindən maliyyələşdirilir. Məhkəmə-Hüquq Şurasının üzvləri üçün nəzərdə tutulmuş təminatlar Hakimlərin Qiymətləndirilməsi Komitəsinin üzvlərinə də şamil olunur.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.