Gürcüstan hakimiyyəti BBC-nin reportajı üzrə istintaqı davam etdirir. Reportajda ötən il hökumətə qarşı etirazlarda Birinci Dünya müharibəsi dövrünə aid kimyəvi qazdan istifadə olunması iddiası yer alıb. Dövlət Təhlükəsizlik Xidməti (DTX) isə BBC-nin mənbələrini, xarici qurumlarla əməkdaşlıq məsələlərinin araşdırılacağını bildirib.
"BBC Eye"ın dekabrın 1-də yaydığı reportajda deyilir ki, 2024-cü ilin noyabrında kütləvi etirazlar zamanı polis "kamit" adlı gözyaşardıcı qazdan istifadə edib.
Tbilisidəki rəsmilər iddiaları "absurd" adlandırıb, polisin "qəddar kriminalların qanunsuz hərəkətləri"nə qanuni cavab verdiyini bildirib.
DTX rəsmi səlahiyyətdən sui-istifadə, Gürcüstan dövlətinə qarşı düşmən fəaliyyətində xarici quruma yardım maddəsi üzrə istintaq başladıldığını bildirib.
BBC-nin müsahibləri arasında pediatr Konstantin Çaxunaşvili də olub. O, müayinə etdiyi etirazçıların təxminən yarısında qalıcı simptomların –təngnəfəslik, qusma hallarının olduğunu deyib. Etirazlara qatılarkən özünün də oxşar təsirləri hiss etdiyini vurğulayıb.
Çaxunaşvili OCCRP-yə deyib ki, rəsmi istintaqın niyyətinə şübhə edir. Onun fikrincə, məqsəd "adamları qorxutmaq" ola bilər.
"Gürcü Arzusu" iddialarla bağlı BBC-yə qarşı beynəlxalq məhkəmələrdə də iddia qaldıracağını bildirib.
Beynəlxalq insan haqları qrupları Gürcüstan hakimiyyətini ötən ilin noyabrında ölkədə antihökumət etirazlarını zorakılıqla yatırmaqda ittiham edir. Etirazlara hakim "Gürcü Arzusu" partiyasının Aİ ilə danışıqları 2028-ci iləcən təxirə salması səbəb olmuşdu.
visiontv.az