Artıq neçənci dəfədir ki, Gürcüstanın bəzi dini liderləri Azərbaycana qarşı açıq ərazi iddiası ilə çıxış edir. Keçmişdə bu, Keşikçi dağ monastırı ətrafında gedən nağıllar idi. İndi isə səviyyə dəyişib. Artıq söhbət təkcə sərhəddən getmir, Azərbaycan Ordusunun qəhrəmanlığının, şəhidlərimizin qanının təhrif olunmasından gedir. Artıq sosial şəbəkələrdə ermənilərin xorla dediyi "torpaqları Türkiyə azad edib, onlar olması siz heç kimsiniz kimi cəfəngiyatlar baş alıb gedir. Sizcə bu təsadüfdür? Yoxsa emosional reaksiyadır?
Məncə yox.
Son 2 həftədə baş verənlərə diqqət edin. Tiflisdə Gürcü kilsəsi deyir ki "Azərbaycan bizim torpaqlarımızı tutub", ardınca "Azərbaycan Ordusu Türkiyə sayəsində qalib gəlib" tezisi ortaya atılır. Və bu o vaxt ortaya atılır ki Ankarada bəzi radikal dini çevrələr "Azərbaycan İslamdan uzaqlaşır, hicaba qadağa qoyur, Türkiyə Azərbaycana dərs verməlidir" tezisi gündəmə gəlir. Ardınca İranın Səhər TV-si və Avropadakı qrant mediası "Azərbaycan Türkiyənin forpostudur, türkçülük İslamı sıxışdırır" fikri gündım olur və sosial mediada qarşıdurma trendinə çevrilir. Fikir verirsiniz üç fərqli ölkə, üç fərqli dil, amma hədəf eynidir. Bakı-Ankara müttəfiqliyini vurmaq.
Tiflisdə Azərbaycanı Türkiyədən ayırmaq üçün "Türkiyə sizin yerinizə vuruşub" yalanı ortaya atılır, Ankarada Türkiyəni Azərbaycandan soyutmaq üçün "Azərbaycan dinsizdir" yalanı dövriyyəyə buraxılır Bakıda isə "Türkiyə sizi özünə tabe edib" deyirlər.
Bu üç yalan eyni mərkəzin üç barmağıdır. Və o mərkəzin adı bəllidir.
Rusiyanın, İranın Qafqazda 200 ildır dəyişməyən doktrinası var. Türk birliyini dinlə böl.
Gürcü Pravoslav Kilsəsi yüz ildir Rus Pravoslav Kilsəsinin ideoloji filialıdır. Onun ritorikası Kremlidə yazılır. Gürcü kilsəsinin Azərbaycana qarşı ərazi iddiası qaldırması, əslində Rusiyanın pravoslav həmrəyliyi adı altında Cənubi Qafqazda Türkiyə-Azərbaycan oxuna qarşı yaratdığı buferdir.
Kreml çox yaxşı bilir ki, Azərbaycanla Gürcüstanı toqquşdursa, Türkiyə avtomatik prosesə girəcək. Azərbaycanla Türkiyəni toqquşdursa, İran dərhal fürsətdən istifadə edəcək. Nəticədə vahid Qafqaz, vahid türk dünyası layihəsi çökəcək.
Ona görə də bu gün Azərbaycanın ərazisinə iddia edən keşişlə, Ankarada "Azərbaycan kafirdir" deyən radikal dindar və Tehranda "Azərbaycan sionistdir" deyən mollanın sponsoru eynidir.
Biz Gürcü ziyalısı və xalqı ilə gürcü kilsəsini ayırmalıyıq. Gürcü xalqı bizim dostumuzdur, yüz minlərlə soydaşımız orada yaşayır və onlar heç vaxt separatçılıq etməyib. Amma kilsə elitası Rusiyanın əlində alətdir. Ən əsası isə Bakı-Tiflis və Bakı-Ankara münasibətlərini emosional ritorikadan, sosial media "savaşı"ndan uzaqlaşdırmalıyıq. Prezidentin dediyi kimi, siyasətdə emosiyaya yer yoxdur. Biz sosial şəbəkə şərhlərinə görə ən yaxın qonşumuzdan, etibarlı, qardaş və müttəfiqdən vaz keçəsi deyilik.
Şöhrət El-Dəniz
visiontv.az