"Əsas məqsəd İsraildə müstəqil hərbi sənaye qurmaqdır"
18.02.2026

“Təxminən 10 il əvvəl demişdim ki, İsrail dünyanın aparıcı üç kiberdövlətindən biri olacaq. Səhv etdim. Yəni haqlı idim - amma biz ikinci yeri tutduq”. Bunu İsrailin baş naziri Netanyahu bildirib. O əlavə edib ki, 10 milyon əhalisi olan kiçik İsrail kibertəhlükəsizlik sahəsinə cəlb olunan xarici investisiyaların həcminə görə ABŞ istisna olmaqla dünyada bütün ölkələri geridə qoyur:

"Söhbət mütləq rəqəmlərdən gedir. Bunu 10 il ərzində bacardıq. Bilirsinizmi nə var? Eyni uğuru süni intellekt sahəsində də əldə edəcəyik. Eyni nəticəni kvant texnologiyalarında da göstərəcəyik”.

Netanyahu həmçinin bildirib ki, İsrail ABŞ-dan aldığı hərbi yardımın maliyyə hissəsindən mərhələli şəkildə imtina edə bilər: “Təklif edirəm ki, bunu 10 il ərzində sıfıra endirək”.

“Hazırkı qarşılıqlı anlaşma memorandumunun qüvvədə qalmasına üç il qalır və növbəti yeddi il ərzində yardımı tədricən sıfıra endirəcəyik. İsrail özünü özü təmin edəcək, necə ki, biz özümüz üçün mübarizə aparırıq”.

Onun sözlərinə görə, əsas məqsəd İsraildə müstəqil hərbi sənaye qurmaqdır: “ABŞ İsraili nümunəvi müttəfiq adlandırıb. Biz maliyyə yardımından mərhələli şəkildə imtina etməyə qadirik. Məqsədimiz müstəqil hərbi sənaye yaratmaqdır”.

visiontv.az