Ermənistanda yoxsulluq həddi düşür, amma hökumətin hədəfindən çox yuxarıdır
05.12.2025

Rəsmi bilgilər Ermənistanın rəsmi yoxsulluq göstəricisinin son bir ildə azaldığını göstərir. Amma hökumətin 2021-ci ildə müəyyən etdiyi hədəfdən çox yuxarıdır. Statistika Komitəsinin son rəqəmlərə əsasən, ermənilərin təxminən 22 faizinin dolanışı rəsmi yoxsulluq həddindən aşağıdır. Bir il öncə açıqlanmış rəqəm isə 23.7 faiz idi.

AzadlıqRadiosunun erməni xidməti 2021-ci ildə yoxsulluq səviyyəsinin 26.4 faiz olduğunu yazır. O zaman Ermənistan parlamentinin təsdiqlədiyi beşillik proqramda baş nazir Nikol Paşinyan hökuməti 2026-cı ilə qədər bu göstəricini yarıbayarı azaltmaq öhdəliyi götürüb.

Paşinyan oktyabrın sonunda parlamentdə çıxışında bu vədi yerinə yetirə bilməməsinə görə keçmiş hökumətləri günahlandırıb, onların məktəbləri dağıtdıqlarını bildirib. "Azatutyun" yazır ki, baş nazir bu iddianı əsaslandıracaq dəlil göstərməyib, yaşayış səviyyəsi ilə əlaqəsini də izah etməyib. Tənqidçilər onun dövründə də Ermənistan məktəblərində deqradasiyanın davam etdiyini deyirlər.

Paşinyan universitetdən məzun olmadan xaric edilib. O, dəfələrlə xatırladıb ki, azgəlirli ermənilərin çoxu zəif təhsil görüb, onların çoxunun işləməyə tənbəllik etdiyini də iddia edib.

Amma rəsmi məlumatlara görə, işləyən vətəndaşlar arasında yoxsulluq 19 faizdir və yoxsulların arasında 100 mindən çox ali təhsilli insan var.

2022-ci ildən bəri Ermənistan iqtisadiyyatında güclü artım baş verir, bu, Qərbin Rusiyaya sanksiyalarının dolayısı müsbət təsirləri izah olunur. Ermənistanlı sahibkarlar Qərb istehsalı malları Rusiyaya reeksport etməklə durumdan faydalanıblar. Bəzi təhlilçilərin fikrincə, Paşinyanın tez-tez vurğuladığı bu iqtisadi artımın sosial-iqtisadi təsiri məhduddur, çünki əsasən dar çevrədə insan və biznesə fayda verir.

"Azatutyun" Ermənistan hökumətinin digər vacib sosial-iqtisadi vədini də yerinə yetirə bilmədiyini yazır. 2021-ci il proqramında orta pensiyanın ölkədə adambaşına düşən yaşayış minimumuna çatdırılması öhdəliyi qoyulmuşdu. Hazırda aylıq orta pensiya 49 min dramdır (128 dollar). Dünya Bankı və Ermənistan hökuməti isə minimum istehlak səbətini, uyğun olaraq, 61 min və 76 min dram dəyərləndirir.

visiontv.az