Qarabağda minatəmizləmə işləri davam edir, Ağdamda 37 mindən çox mina və partlamamış hərbi sursat aşkarlanıb.
Bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun “Mədəniyyət mərkəzdə: ortaq gələcəyə təhlükəsiz yollar” adlı plenar sessiyasında çıxışı zamanı deyib.
O bildirib ki, işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma prosesinin əsas mərhələlərindən biri ərazilərin minalardan təmizlənməsidir.
Onun sözlərinə görə, son beş il ərzində Ağdam ərazisinin təxminən 60 faizi, Füzulinin 78 faizi, Xocavəndin isə 16 faizi minalardan təmizlənib.
Xüsusi nümayəndə bildirib ki, bu müddətdə Ağdamda 37 385, Füzulidə 51 640, Xocavənddə isə 26 281 mina və partlamamış hərbi sursat aşkarlanıb.
O vurğulayıb ki, mina təhlükəsi işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma prosesinin qarşısında duran əsas problemlərdən biridir.
Hüseynov bildirib ki, işğaldan azad edilmiş ərazilərin bərpası üçün çoxpilləli idarəetmə və koordinasiya mexanizmi yaradılıb. Bu mexanizm çərçivəsində yuxarı səviyyədə bərpa siyasəti və prioritetlər müəyyənləşdirilir, ekspertlərdən ibarət işçi qrupları isə görüləcək işlərin necə həyata keçiriləcəyini müəyyən edir.
Xüsusi nümayəndə qeyd edib ki, bərpa prosesində növbəti mühüm mərhələ baş planların hazırlanması və şəhərsalma işləridir.
O bildirib ki, Ağdam şəhərinin baş planı müxtəlif ölkələrdən olan tanınmış mütəxəssislərin iştirakı ilə beynəlxalq əməkdaşlıq çərçivəsində hazırlanıb.
Hüseynovun sözlərinə görə, Ağdamın yeni baş planında şəhərin tarixi mərkəzi ilə inzibati mərkəz ayrılıb. Bu yanaşmanın məqsədi şəhərin keçmişini, bu gününü və gələcəyini bir araya gətirməklə onun tarixi və mədəni simasının qorunmasıdır.
visiontv.az