İranın Ali Milli Təhlükəsizlik Şurasının sədr müavini Əli Baqeri bildirib ki, ABŞ İranla ciddi danışıqlara başlamaq üçün Tehranın irəli sürdüyü yeddi şərti qəbul etməli və yerinə yetirməlidir.
O, bu barədə İranın dövlət televiziyasının efirində İran və ABŞ arasında danışıqların hazırkı vəziyyətini şərh edərkən deyib.
"Əgər ABŞ-nin danışıqlar aparmaq və ədalətli razılığa gəlmək üçün ciddi iradəsi varsa, irəli sürülən yeddi şərti qəbul etməli və yerinə yetirməlidir", - Baqeri deyib.
O, bu çərçivəni təqdim etməsinin səbəbinin ABŞ-nin keçmişdəki hərəkətləri və danışıqlarla bağlı öhdəliklərini dəfələrlə pozması ilə izah edib. Baqerinin sözlərinə görə, ABŞ ötən yaz danışıqların 5 raundundan sonra ikinci dəfə müharibəyə başlayıb, diplomatik proses davam edərkən, payızda danışıqlar prinsiplərinə zidd addımlar atıb.
Ə.Baqeri əlavə edib ki, ABŞ ciddi danışıqlara başlamaq üçün İranın irəli sürdüyü yeddi şərti qəbul etməli və yerinə yetirməlidir. İran rəsmisi bildirib ki, ABŞ şərtləri qəbul edib yerinə yetirsə, danışıqlar prosesinin başlayıb-başlamayacağı qiymətləndirilə bilər. Əks halda, Vaşinqton siyasi maraqları naminə müvəqqəti razılaşma əldə etməyə çalışacaq, seçkilərdən sonra təzyiq siyasətinə və ya hərbi müdaxiləyə qayıda bilər.
Tehranın Vaşinqtona təqdim etdiyi yeddi şərt bunlardır: dəniz blokadasının ləğvi, kommersiya və neft tankerlərinin Hörmüz boğazından təhlükəsiz keçidinin təmin edilməsi, birtərəfli sanksiyaların ləğvi, neft ixracının məhdudiyyətlərinin aradan qaldırılması, dondurulmuş aktivlərin azad edilməsi, nüvə materiallarının ölkə daxilində saxlanması və müharibənin dayandırılması.
visiontv.az