Rəqəmsal bacarıqların inkişafı ilə yanaşı, fundamental təhsil göstəricilərinin yaxşılaşdırılması da xüsusi əhəmiyyət daşıyır. Son PISA nəticələri bu istiqamətdə müəyyən irəliləyişlərin olduğunu göstərir. Xüsusilə riyaziyyat üzrə nəticələrdə müsbət dinamika müşahidə olunur.
Bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev “Baku ID 2026” innovasiya festivalında söyləyib.
Nazir rəqəmsal savadlılığın inkişafı istiqamətində kurikulumun yenilənməsi, müəllim hazırlığı, məktəblərin texnoloji avadanlıqla təmin edilməsi, “Rəqəmsal bacarıqlar” və STEAM layihələrinin əhatə dairəsinin genişləndirilməsi kimi tədbirlərin həyata keçirildiyini bildirib. Bununla yanaşı, azərbaycanlı gənclərin xaricdə təhsil almasına dəstək göstərən proqramların da insan kapitalının inkişafına mühüm töhfə verdiyi qeyd olunub. Hər il 300-dən çox gəncin kibertəhlükəsizlik, informasiya texnologiyaları və əlaqəli sahələr üzrə dünyanın aparıcı universitetlərində təhsil alması gələcəkdə yüksəkixtisaslı mütəxəssislərin sayının artmasına imkan yaradır.
Vurğulanıb ki, rəqəmsal bacarıqların inkişafı ilə yanaşı, Azərbaycanın yalnız texnologiyalardan istifadə edən deyil, həm də yeni texnologiyalar və innovasiyalar yaradan tərəfə çevrilməsi qarşıda duran əsas məsələlərdəndir.
“Ümumilikdə, qarşımızda hələ çox uzun yol var. Biz bu səyahətin başlanğıcındayıq. Əsas məsələ istiqamətin fərqində olmaq, görülməli işləri düzgün müəyyənləşdirmək və inkişaf dinamikasını qorumaqdır. Eyni tempdə davam etdiyimiz halda proqramları daha da təkmilləşdirə bilərik”, - deyə nazir bildirib.
visiontv.az