TDT-nın Zirvə görüşündə ən gözlənilməz çıxışı Tokayev etdi. O, dedi ki, Rusiya əsrlərdir türk dünyası ilə sıx bağlıdır, əhalisinin içində tatarlar, başqırdlar, yakutlar var. "Altay - Türk sivilizasiyasının beşiyi" layihəsini də Rusiya təşviq edir. Ona görə də Rusiyanı quruma müşahidəçi statusunda qəbul edə bilərik.
Təklif səsləndi, amma Ankara Bəyannaməsində Rusiya ilə bağlı bircə cümlə belə olmadı. Maraqlı odur ki, Rusiya özü də hələ mən TDT-yə girmək istəyirəm deməyib. Görünür Moskvanın niyyətini Tokayev elan etdi.
Bəs bu nə deməkdir və təklif niyə indi edildi?
Tokayevin siyasi doktrinası bu cürdür. Rusiya ilə müttəfiq ol, Çinlə ticarət et, Türkiyə ilə qardaş ol, Avropa və ABŞ ilə balans saxla. O cümlədən TDT son 2 ildir Rusiyadan yan keçən layihəyələr həyata keçirir. Orta Dəhliz, Trans-Xəzər marşrutu, Qazaxıstan Çindən gələn yükü Rusiyadan yan keçirib Azərbaycandan, Türkiyədən Avropaya aparır. Türk İnvestisiya Fondu, ortaq əlifba, ortaq ordu təlimləri və sair hamısı Moskvada qıcıq yaradır.
Tokayev isə Putinə deyir ki, bax mən səni içəri buraxıram, müşahidəçi edirik, sən də mənim TDT-də olmağımı təhlükə kimi görmə. Buna yumşaq desəm Tokayevin təhlükəyə qarşı qabaqlayıcı addımı da deyə bilərik. Maraqlı odur ki, Rusiya doğrudanmı TDT-na girmək istəyir? Bəli, istəyir, amma birbaşa yox. Moskvanın ən böyük qorxusu TDT-nin hərbi bloka çevrilməsidir. Diqqət edin, Tokayev eyni çıxışda ikinci dəfə təkrar etdi ki, TDT hərbi alyansa çevrilməməlidir. Bu cümləni o, təsadüfən demir. Bu, Moskvaya mesajdır. Rusiya anlayır ki, TDT-yə üzv ola biıməz. Çünki Rusiya türk dövləti deyil. Amma müşahidəçi statusu ona veto hüququ verməsə də, masa arxasında oturmaq hüququ verir. Bu, Rusiyanın köhnə taktikasıdır. Girə bilmədiyi birliyi dağıtmaq üçün müşahidəçi ol.
Tokayevin təklifi Qazaxıstana görə məntiqlidir. O, Rusiyanı sakitləşdirmək istəyir. Amma TDT üçün təhlükəlidir. Çünki TDT indiyə qədər yeganə təşkilatdır ki Rusiya orda yoxdur. Rusiyanı müşahidəçi kimi içəri buraxsan, sabah o deyəcək ki, gəlin TDT+Rusiya+Çin edək. Sonra da TDT-ni Avrasiya İqtisadi Birliyinin filialına çevirəcək.
Məncə bu təklifə Azərbaycan və Türkiyə hə deməyəcək.
Şöhrət El-Dəniz
visiontv.az