Duz-bez yükü
05.12.2023

Əvvəl ondan başlayaq ki, evin duz-bez yükü nədir. Evə-həyətə nəzarətdir, evin adamlarının çörəyindən paltarına, həyətin heyvanlarının duzundan samanına, arpasına qədər tədarük etmək deməkdir. Ağır işdir, bunun payızı-qışı var, yağışı-qarı var. Can daşdan deyil, adamın xəstələnməyi, heyvanın ölməyi var. Bir qayda olaraq, bu yükü evin kişisi çəkir...

Bizim duz-bez yükünü çəkən də orta yaşlı bir kişi idi. Övladdan bol olduğu kimi, mal-qaradan da bol idi. Ondan yuxarı iri, yüzdən yuxarı xırda heyvanı, hektarlarla tarlaları, bağları... Əkin-biçin, mal-qara bir yana, böyük evin duz-bez yükü bizim kişini əldən salırdı. İlki olan qızını ərə verən kimi, evin duz-bez yükünü 3 oğlundan birinə yükləmək istədi. Böyük oğlanları artıq 20-ni keçmiş, əsgərliyə gedib-gəlmişdilər. Hərəsi bir bəhanə ilə bu yüksək etimaddan boyun qaçırdılar. Qarmağa keçən kişinin yeniyetmə yaşını yenicə keçən kiçik oğlu oldu...

İllər keçirdi, ailənin təsərrüfatı daha da böyüyürdü. Böyük qardaşlər artıq toy etmiş, gəlin gətirmişdilər. Hərəsi böyük həyətin bir tərəfində bir ev tikmişdi. Biri mal-qaraya, o biri əkin-biçinə nəzarət edirdi. Kiçik oğul böyük evin da daha da ağırlaşmış duz-bez yükünü tək çəkirdi. Bu yükün altında canı çıxırdı, amma səsi çıxmırdı. Bizim kişi də artıq yaşlaşmış, saçı-saqqalı ağarmışdı, bağ-bağata baxırdı. Illər, fəsillər bir-birini əvəz edirdi, növbəti payız fəsli idi. Evin kişiləri qarğıdalı tarlasına gecələr növbə ilə keşik çəkirdi.

Bir gecə bizim ağsaqqalın növbəsi idi. Kiçik oğul da atasına təzə bişmiş, isti çay, çörək gətirdi. Ata-oğul tarlanın ortasında talvarda xudmani bir süfrə açdılar, bir qismət çörək yeməyə başladılar. Bu zaman donuz sürüsü qarğıdalıya hücum etdi. Məlum məsələdir ki, Quran oxumaqla donuz tarladan çıxmır, ən azı bir-iki güllə atmaq lazımdır. Ağsaqqal da bu kəlama inanır, odur ki, çörəyi süfrəyə qoyub tüfəngə əl atır. Kiçik oğlu onu saxlayır, yarı zarafat, yarı gerçək deyir: “Ata, bəlkə atmayasan, donuzu hürkütməyəsən, birini mən birtəhər tutaram. Evin duz-bez yükünü də ykləyərik onun belinə. Vallah, mən ölürəm, daha çəkə bilmirəm”...

Qalib Arif

visiontv.az