Diplomatiyada bunun adı birdir: hörmətsizlik
07.07.2026

İsrail mediasında yayılan bir məqalə əslində açıq etirafdır: İsrail Azərbaycanın qırmızı xəttini keçdi.

Söhbət “erməni soyqırımı”nın tanınmasından gedir. Formal olaraq bu, tarixi qərar kimi təqdim olunur. Amma reallıqda bu, sırf siyasi addımdır. Əsas problem qərarın özü deyil. Əsas problem onun necə verilməsidir. Ynet nəşri açıq yazır: "Azərbaycanla heç bir məsləhətləşmə aparılmayıb. Qərar elan olunandan sonra sadəcə məlumat verilib. Diplomatiyada bunun adı birdir: hörmətsizlik. Azərbaycan bunu belə qəbul edir: illərlə İsraili dəstəklə, kritik məqamlarda sus. Amma sonda sənin üçün həssas məsələdə sənin rəyini belə soruşmasınlar. Bu artıq siyasət deyil. Bu, etimadın qırılmasıdır".

Məqalənin ən vacib etirafı: Azərbaycan Qəzza, Livan, İran məsələlərində İsrailə qarşı çıxmayıb. Yəni Bakı faktiki olaraq İsraili qoruyub. İsrail isə Azərbaycana eyni həssaslığı göstərməyib. Daha təhlükəli məqam: bu qərar Rusiya və İranın maraqlarına xidmət edə bilər. Başqa sözlə desək, İsrail öz strateji tərəfdaşına zərbə vurmaqla rəqiblərinin əlinə oynadı. Ən ironik vəziyyət isə odur ki, bu qərardan heç Ermənistan da qazanmadı. Çünki bu addım sülh prosesinə zərbə vurdu. Bu qərar bir şeyi göstərdi-İsrail regionda baş verənləri yanlış anlayır. Diplomatiyada ən böyük səhv nədir? Dostunun qırmızı xəttini anlamamaq. Bu, sadəcə tarixi qərar deyil. Bu, strateji səhvdir. İsrail illərlə qurduğu etimadı bir qərarla risk altına atdı…

Elbəyi Həsənli

visiontv.az