D-2 lisenziyası nəyi dəyişir?
26.01.2026

ABŞ hökuməti D-2 (Iran General License D-2) adlı ümumi lisenziyanı aktiv saxlayaraq, İranda yaşayan adi insanlar üçün internet və kommunikasiya texnologiyalarına dair bir sıra sanksiya məhdudiyyətlərini aradan qaldırıb.

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) tərəfindən verilən bu lisenziya, Amerika şirkətlərinə və ABŞ texnologiyalarından istifadə edən qurumlara İran hökuməti və sanksiya altındakı qurumlar istisna olmaqla, adi istifadəçilərə internet xidmətləri göstərməyə icazə verir.

D-2 lisenziyası çərçivəsində messencerlər, sosial şəbəkələr, e-poçt xidmətləri, videozəng və videokonfrans platformaları, onlayn təhsil və bulud xidmətləri, VPN və senzura əleyhinə alətlər, eləcə də smartfon və digər istehlakçı texnologiyalarının təqdim edilməsi mümkündür.

ABŞ rəsmiləri vurğulayır ki, bu addım İran hökumətinə deyil, İranda yaşayan əhalinin azad informasiya və internetə çıxışını qorumağa yönəlib. Vaşinqtonun bildirdiyinə görə, D-2 lisenziyası xüsusilə internetin kütləvi şəkildə kəsildiyi dövrlərdə insanların dünya ilə əlaqəsini saxlamaq məqsədi daşıyır.

Qeyd olunur ki, D-2 İran əleyhinə ümumi sanksiyaların ləğvi deyil, lakin kommunikasiya və informasiya sahəsində nadir və real istisnalardan biri hesab olunur və birbaşa adi əhalinin xeyrinə tətbiq edilir.

visiontv.az