Qatı anti-Azərbaycan mövqeyi ilə tanınan ermənipərəst iranlı siyasi şərhçi Ehsan Movəhhediyan “Mehr News” saytında dərc olunan məqaləsində yazıb ki, İsrailli strateq Şay Qalın Ermənistanın Vazgen Sarkisyan adına Hərbi Akademiyasında iştirakı və İrəvanla Təl-Əviv arasında təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətindəki təşəbbüslər İranda narahatlıq doğurub.
Movəhhediyan bildirib ki, Qalın Ermənistan hərbçiləri üçün təlim seminarı keçirməsi İsrailin bəzi strateji dairələrinin İrəvanla müdafiə əlaqələrini inkişaf etdirmək cəhdlərinin göstəricisidir.
Məqalədə israilli strateqin Ermənistana səfəri zamanı Azərbaycan-Türkiyə münasibətləri, Azərbaycan və onun ayrılmaz hissəsi olan Naxçıvanla bağlı məsələyə dair açıqlamalarına da yer verilib. Movəhhediyan hesab edir ki, İsrail həm Azərbaycanla mövcud strateji əlaqələrini qorumağa, həm də Ermənistanla birbaşa münasibətlərini genişləndirməyə çalışır.
Yazıda İranın əsas narahatlıqlarından biri kimi şimal sərhədləri yaxınlığında İsrailin təhlükəsizlik və müdafiə sahəsində mövcudluğunun genişlənməsi göstərilir.
Siyasi şərhçinin digər narahatlığı Sünik əyalətinin geosiyasi mövqeyi və TRIPP layihəsi (Zəngəzur dəhlizi) ilə bağlıdır. Müəllif iddia edir ki, İsrailin təklif etdiyi təhlükəsizlik əməkdaşlığı şəbəkəsi ilə TRIPP layihəsinin eyni coğrafiyada reallaşması Sünikin strateji əhəmiyyətini artıra bilər. O, bu iki prosesi bir-birini tamamlayan amillər kimi təqdim edərək, gələcəkdə bölgədə hərbi və kəşfiyyat əlaqələrinin genişlənə biləcəyini irəli sürür.
O, hesab edir ki, Tehran Ermənistanın xarici əlaqələrini şaxələndirmək cəhdlərinə yalnız etiraz etməklə kifayətlənməməli, İrəvanla münasibətlərini möhkəmləndirmək üçün konkret addımlar atmalıdır.
O, İranla Ermənistan arasında müntəzəm təhlükəsizlik dialoqunun qurulmasını, sərhədlərin yaxınlığında kəşfiyyat və hərbi infrastrukturla bağlı narahatlıqların müzakirəsini vacib sayır.
Bununla yanaşı, müəllif iqtisadi əlaqələrin inkişaf etdirilməsini, nəqliyyat və enerji infrastrukturuna investisiyaların artırılmasını, birgə sənaye layihələrinin həyata keçirilməsini və sərhəd ticarətinin genişləndirilməsini təklif edir.
İranın yeni Qafqaz tranzit layihələrində fəal iştirak etməsinin vacibliyini vurğulayan Movəhhediyan Fars körfəzi-Qara dəniz dəhlizinin inkişaf etdirilməsini də mümkün istiqamətlərdən biri kimi göstərir. O, eləcə də İsrail və Ermənistan arasında müdafiə əməkdaşlığının hərbi təlim, texniki dəstək və həssas infrastruktura çıxış baxımından yaxından izlənilməsini zəruri hesab edir.
visiontv.az