Bu gün Xalq yazıçısı İlyas Əfəndiyevin doğum günüdür
Bu gün Xalq yazıçısı İlyas Əfəndiyevin doğum günüdür
26.05.2023 MEDİA Tərəfindən

İlyas Məhəmməd oğlu Əfəndiyev 1914-cü ildə Qaryagində (indiki Füzuli şəhəri) anadan olub.

Yazıçının atası Məhəmməd Əfəndiyevə "kulak" damğası vurularaq evi, böyük mülkü, bağı zəbt edilib, "səs hüququndan" məhrum olunub. Yazıçının atası 30-cu illərin ədalətsizliklərinə, təqib və təhqirlərə dözmür, uzun illər işsiz qalır, ailəsini dolandıra bilmir. Ağır xəstələnərək 1934-cü ildə 50 yaşında vəfat edir.

1921-ci ildə birinci sinifə getmiş İlyas 1930-cu ildə pedaqoji təmayüllü iki dərəcəli orta məktəbi əla qiymətlərlə bitirib. 

Orta məktəbdə oxuyarkən müəllimlərin tapşırıqları ilə kifayətlənməyən İ.Əfəndiyev dərsdən əlavə, müstəqil mütaliə yolu ilə çoxlu bədii kitablar, o cümlədən rus ədəbiyyatı klassiklərini mütaliə edib. 

Orta məktəbi bitirdikdən sonra bir müddət Böyük Bəhmənli kəndində dil və ədəbiyyatdan dərs deyən İ.Əfəndiyev 1935-1938-ci illərdə Qaryagin şəhər orta məktəbində coğrafiya müəllimi işləyib, eyni zamanda gənclərin təlim-tərbiyəsində, savadsızlığın aradan qaldırılmasında, məktəbyaşlı uşaqların təhsilə cəlb olunmasında fəallıq göstərib. 

O, 1938-ci ildə APİ-nin coğrafiya fakültəsinin qiyabi şöbəsini bitirib rayona qayıdaraq müəllimliyini davam etdirib. 

30-cu illərin sonlarında İ.Əfəndiyev ədəbiyyata gəlib və bir-birinin ardınca hekayələr yazmağa başlayıb.

İ.Əfəndiyev əmək fəaliyyətini əvvəlcə "Kommunist" (1939 -1940), sonra isə "Ədəbiyyat qəzeti"ndə nəsr şöbəsinin müdiri kimi davam etdirib. 

1940-cı ilin yanvar ayında Azərbaycan Yazıçılar İttifaqına üzv qəbul olunub. 

40-cı illərin axırlarında İ.Əfəndiyev artıq özünü bir nasir və dramaturq kimi təsdiq edib. 

1945-ci ildə İ.Əfəndiyevin "Aydınlıq gecələr" adlı ikinci kitabı nəşr olunub.  İki il sonra M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrı İ.Əfəndiyevin "İşıqlı yollar" pyesini tamaşaya qoydu. Sonra gənc dramaturq görkəmli rejissor Adil İsgəndərovun təklif və təkidilə "Bahar suları" pyesini yazır. 1949-cu ildə Azərbaycanın ədəbi-mədəni ictimaiyyəti və bütün sənətsevərləri Azərbaycan Dövlət Dram Teatrının 75 illiyini təntənə ilə qeyd edərkən, səhnə sənətinin inkişafındakı xidmətləri nəzərə alınaraq İ.Əfəndiyev "Şərəf Nişanı" ordeni ilə təltif edilib. 

İ. Əfəndiyev çoxşaxəli yaradıcılıq yolu keçmiş sənətkarlardandırİ.Əfəndiyevə hekayədən faciəyə, romandan komediyaya, məqalədən pyesə keçmək heç də çətinlik törətmir, bu, yazıçı üçün adi bir hal alıb. 

"Körpüsalanlar" ,"Dağlar arxasında üç dost", "Sarıköynəklə Valehin nağılı", "Geriyə baxma, qoca", "Üçatılan" kimi povest və romanlarını dərc etdirir, eyni zamanda maraqlı dram əsərlərini qələmə alır, publisist və ədəbiyyatşünas kimi məhsuldar yaradıcılıq yolu keçir. Onun "Sən həmişə mənimləsən” "Mənim günahım", "Unuda bilmirəm", "Məhv olmuş gündəliklər", "Qəribə oğlan", "Bağlardan gələn səs" və s. pyesləri AZərbaycan teatrlarının repertuarında hələ yer alır. 

Azərbaycanın ədəbi ictimaiyyəti 1994-cü ilin may-iyun aylarında Xalq yazıçısı İ.Əfəndiyevin anadan olmasının 80 illiyini təntənəli surətdə qeyd edib, "Şöhrət" ordeni ilə təltif edilib. 

İlyas Əfəndiyev 1996-cı il oktyabr ayının 3-də Bakıda dünyasını dəyişib. 
 

Bünyamin Bünyadzadə

Visiontv.az