Biz harasa qoşulmalıyıqmı?
Biz harasa qoşulmalıyıqmı?
20.08.2024 Bəybala Mirzəyev Tərəfindən

Diplomatik fəaliyyətini başa vurub deputat olmağa hazırlaşan müğənni Polad Bülbüloğlu geosiyasi məsələlərdən birinə münasibət bildirərək deyib ki, Azərbaycan BRİKS-ə qoşulmaq istəyir.

“BRİKS-ə üzv olmaq istəyənlərin uzun növbəsi var. Azərbaycan doğrudan da belə bir istəyi ifadə edib. Bu barədə rusiyalı həmkarlarımızla danışdıq. Lakin bu da bir prosesdir”, - deyə P.Bülbüloğlu bildirib.

Lakin P.Bülbüloğlunun bu fikri həqiqəti əks etdirmir. BRİKS-ə üzv olmaq istəyənlərin uzun növbəsi yoxdur. Əksinə, BRİCS-dən imtina edənlər var.

Misal üçün, Latın Amerikasının lider ölkələrindən biri sayılan Argentina bugünlərdə BRICS-ə üzv olmaqdan imtina etdi. Ölkənin prezidenti Xavyer Miley bu məsələ ilə bağlı təşkilata məktub ünvanlayıb və qeyd edib ki, BRICS-ə üzvlük Argentina üçün məqsədəuyğun hesab olunmur. Baxmayaraq ki, bir neçə ay əvvəl Argentina özü bir sıra digər ölkələrlə birlikdə BRICS-ə qoşulmaq barədə müraciət etmişdi.

Bəs, aradan bir neçə ay keçəndən sonra Argentinanın BRİCS-dən imtina etməsinin səbəbi nədir?

Argentina rəhbərliyi bu təşkilatı real iqtisadi birlik yox, Çin və Rusiyanın qlobal hegemonluq uğrunda mübarizə aləti hesab etdiyinə görə BRİCS-ə üzvlükdən imtina edib.

BRİCS-in qurucu üzvlərindən biri hesab olunan Hindistan da bu birliyin fəaliyyətindən narazıdır. Bu ölkənin də narazılığı səbəbsiz deyil. Çinin BRİCS-də monopolist mövqeyi Hindistanı qane etmir.

Bir sözlə, BRİCS tam oturuşmuş iqtisadi birliyə çevrilməyə macal tapmadan, öz üzvləri arasında geosiyasi və geoiqtisadi rəqabət arenasına çevrilib.

Polad Bülbüloğlu isə heç bir təhlil aparmadan deyir ki, BRİKS-ə üzv olmaq istəyənlərin uzun növbəsi var...

P.S.

BRİCS, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT), Avrasiya İqtisadi Birliyi (AİB) kimi qurumlara üzvlüklə bağlı həddindən artıq optimist düşünməyimizə, özümüzü aldatmağımıza ehtiyac yoxdur. Bu qurumlara üzvlük Azərbaycana böyük dividentlər qazandırmayacaq. Ona görə də bu qurumlara üzvlük bizim üçün prioritet olmamalıdır. Azərbaycan hazırkı strateji xəttini – dünyanın müxtəlif ölkələri ilə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi kursunu davam etdirməli və Türk Dövlətləri Təşkilatının (TDT) gücləndirilməsinə səy göstərməlidir. Bu, ən optimal yoldur.

Bəybala Mirzəyev

visiontv.az