İran rəsmisi: “Məsud Pezeşkianın “vacib mesajı” NBC kanalında yayımlanacaq”
15.01.2025

İran Prezident Administrasiyasının kommunikasiya və informasiya üzrə müavini Seydi Mehdi Təbatəbai dünən “X” hesabında yazıb:

“Məsud Pezeşkianın məşhur amerikalı aparıcı Lester Holtla müsahibəsində verdiyi “vacib mesajı” bu gün NBC kanalında yayımlanacaq. İran “bölgədə və dünyada sülh və gərginliyin azaldılmasına çağırır, “sionist rejimin” müharibə və qızışdırmasını, hücumlarını və soyqırımını pisləyir, eyni zamanda şərəfli və bərabərhüquqlu danışıqlara hazırdır”, - deyə, Təbatəbai bildirib.

Bu paylaşımdan sonra “Araz News” Teleqram kanalı yazıb: “İranda ölkənin xarici siyasətinin istiqamətini müəyyən edən ali rəhbəri Əli Xameneyidir, prezidentlər və xarici işlər nazirləri isə onun göstərişlərini yerinə yetirənlərdirlər. Xameneyi ötən həftə etdiyi çıxışında bəyan edib ki, İran rəsmiləri ABŞ və israillilərin tələblərini heç bir şəkildə nəzərə almamalı və danışıqlar aparmaq üçün onların siyasətindən qorxmamalıdırlar”.

visiontv.az