Mir Şahinin vaxtı: Bura Azadlıq meydanıdır. Ən Yeni tariximizin çox böyük hadisələrinin baş verdiyi, bəzi mühüm proseslərin hətta planlaşdırıldığı tarix müstəvisi. Mən indi bu meydanda, asfalt üstündə dayanmışam. Amma bu asfalt örtüyün altında, bəlkə elə hardasa bu nöqtələrdə 1988-ci ildən qalma, 17 gün bizi ətrafına toplayan ocaqların külü yatır. Mən burda indi ona görəyəm ki, yenə sizə tariximizin qaranlıq guşələrini göstərim. Ona görə ki, ilk növbədə məhz biz, yaxın keçmişimizin şahidləri hər şeyi və hər kəsi adı ilə çağırmalıyıq. Və bunu ona görə etməliyik ki, Azərbaycanın ən yeni tarixini dərindən bilməyən, onu təhrif olunmuş şəkildə vikipediadan öyrənən yeniyetmə və gənc nəsil onlara danışılan nağıllara aldanmasın. Bugün meydana yenidən çıxan keçmiş siyasi meyidlərin xortlamazdan qabaqkı dövrünü doğru-dürüst xatırlatmaq-!!! ağlı başında, vicdanı üstündə olan şahidlərin tarix üçün edə biləcəyi ən böyük işdir. Məsələn, indi Azərbaycan dövlətinin prioritetlərindən biri yeni milli ideyamız olan Qərbi Azərbaycana qayıdışdır.
visiontv.az