Yadıma 20 il əvvəlki bir hadisə düşdü.
Məni Az.TV-yə "Şənbə qonağı" qismində dəvət eləmişdilər. Demişdilər ki, kitablarınızdan da gətirin, söhbət ölkəmizdə Fəlsəfənin vəziyyətindən və Sizin xidmətlərinizdən gedəcək. Fevralın 22-də mənim yubileyim idi, amma Şənbə günü - ayın 26-a təsadüf eləmişdi. O vaxt Xocalı faciəsi hələ təqvim hadisəsinə çevrilməmişdi. Amma canlı yayın idi və məndən öncəki söhbətə də qulaq müsafiri oldum. Təkliflər verirdilər, Xocalı muzeyi, Xocalı abidəsi, hər il daha geniş qeyd edilməsi və s. Kiçik bir reklamdan sonra "Şənbə qonağı" proqramı başladı və aparıcı Esmira Çərkəzqızı məni təqdim etdikdən sonra öncədən hazırladığı suallara keçdi. Mən isə "gəlin,yubileyi unudaq və Fəlsəfə mövzusunu başqa vaxta saxlayaq", - dedim. Çünki bu gün burda eşitdiklərim tələb edir ki, Fəlsəfə də göylərdən enib bu faciə ilə bağlı təsəvvürlərin yanlış yönlənməsinə münasibət bildirsin. Fəlsəfənin bir funksiyası da ictimai şüurun düzgün yönləndirilməsi olmalıdır. Dedim ki, mənim anladığıma görə biz sanki "Xocalını necə qaytarmaq" problemini arxivə verib, bu faciəni necə qeyd edək, necə mərasimləşdirək mövzularına keçirik. Abidəni də Bakıda deyil, Xocalıda ucaltmaqdan söhbət getməlidir. Bunun üçün isə öncə bütün diqqət əsas məqsədə yönəldilməli, abidə üçün vəsait tapılırsa buna neçə tank ala bilərik sualını qoymalıyıq.
İndi mən bütün təfərrüatı təkrar etmək istəmirəm. Amma diqqəti ictimai şüurun prioritetləri, xalqın psixoloji əhvalı məsələsinə yönəltmək istəyirəm.
Yəni problemin tarixi deyil, özü gündəmdə olmalıdır. Əgər tarixiləşdisə, onu yenidən aktuallaşdırmaq, nəinki beynəlxalq siyasət müstəvisində, hətta xalqın psixoloji durumu müstəvisində də çətinə düşər.
"Bir itkinin bu gün də hələ göynədən acısını ancaq canlı qələbə sevinci ilə ovundurmaq olar." - Əbu Turxan.
Professor Səlahəddin Xəlil
Visiontv.az