Zəngəzur dəhlizinin istifadəyə verilməsindən sonra Azərbaycanın Avropa istiqamətində yükdaşımalarında məsafə, logistika xərcləri və sərhəd keçidlərinin sayı azalacaq.
Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) baş katibi Kənan Qurbanov bildirib.
Onun sözlərinə görə, dəhliz istifadəyə verildikdən sonra əsas prioritet marşrut üzərindəki sərhəd-keçid prosedurlarının maksimum sadələşdirilməsi, rəqəmsallaşdırılması və digər nəqliyyat istiqamətlərində tətbiq olunan innovativ həllərin bu marşruta inteqrasiyası olacaq.
Qeyd olunub ki, hazırda prosesin yekunlaşması gözlənilir və bundan sonra yükdaşımalar sahəsində əhəmiyyətli müsbət dəyişikliklər baş verəcək.
Bildirilib ki, hazırda Azərbaycanın Avropaya daşımaları əsasən Türkiyəyə Gürcüstan və ya İran üzərindən həyata keçirilir. Zəngəzur dəhlizinin açılması ilə isə Azərbaycan öz ərazisindən birbaşa Türkiyəyə çıxış əldə edəcək ki, bu da Avropa bazarlarına daha qısa və səmərəli logistika marşrutunun formalaşmasına imkan verəcək.
Kənan Qurbanovun sözlərinə görə, yeni marşrut daşınma məsafəsini, nəqliyyat xərclərini və sərhəd-keçidlərinin sayını azaltmaqla yükdaşımalarının sürətini və səmərəliliyini artıracaq.
visiontv.az