Ermənistan Yeni Konstitusiya layihəsini dərc etdi. Bakının əsas şərti yerinə yetirildi.
Ermənistan hakimiyyəti nəhayət ki, illərdir gözlənilən addımı atdı. Yeni Konstitusiya layihəsi rəsmi olaraq dərc olunub və linkini şəxsən Baş nazir Nikol Paşinyan paylaşıb. Yeni redaktədə ən vacib detal layihədə Ermənistanın Müstəqillik Bəyannaməsinə istinadın olmamasıdır. Bu, Azərbaycanla Ermənistan arasında sülh prosesinin ən həssas, ən ağrılı, ən çox müzakirə olunan hissəsi idir. Və görünən o ki, İrəvan Bakının əsas şərtini yerinə yetrimək üçün ilk addımını atıb. Amma bu hələ sülh deyil. Qeyd ediək ki, qüvvədə olan Ermənistan Konstitusiyasının preambulasında Müstəqillik Bəyannaməsinə istinad var. Həmin Bəyannamədə isə Dağlıq Qarabağın Ermənistanla birləşməsi hədəf kimi göstərilir. Bakı isə bəyan edir ki, sən mənimlə sülh müqaviləsi imzalamaq istəyirsən, amma Konstitusiyanda mənim torpağıma iddia var. Sabah hakimiyyət dəyişsə, yeni hökumət Konstitusiyaya əsaslanıb yenidən torpaq iddiası qaldıracaq. Buna görə də Paşinyanın yeni Konstitusiya layihəsini hazırlamağa məcbur oldu. Çünki illərdir sülh prosesi dalana dirənib və Bakının səbri bitmək üzrədir. Buna görə Paşinyan Ermənistan parlamentində bəyan etdi ki, Konstitusiya dəyişməsə, sülh olmayacaq. Və sülh olmasa, ermənilərin də gələcəyi olmayacaq. Çünki Ermənistan cəmiyyəti artıq müharibədən yorulub, sülh istəyir. Digər tərəfdən Paşinyan layihəni xüsusi saytda dərc etməklə ağıllı gediş edib. O bununla layihənin hazırlanmasında guya vətəndaşların da iştirakını təmin edir. Baş nazir, Konstitusiyanı Paşinyanın Konstitusiyası kimi yox, xalqın Konstitusiyası kimi təqdim etmək istəyir. Sabah müxalifət desə ki, sən Bakının təzyiqi ilə Konstitusiyanı dəyişdin, Paşinyan deyəcək ki, yox, xalq özü belə istədi, saytda müzakirə oldu. Yeni konstitusiya layihəsinin müzakirəyə təqdim edilməsi həm də Qərbə və Bakıya müsajdır. Paşinyan bu layihə ilə həm Bakıya, həm də Qərbə deyir ki, mən sülhə hazıram. Layihənin ən vacib yeniliyi, əlbəttə ki, Bəyannaməyə istinadın olmamasıdır. Amma layihədə müzakirə olunan digər istiqamətlər də var və onlar Ermənistanın gələcək idarəetmə modelini göstərir. Prezidentin səlahiyyətlərinin genişləndirilməsi, hökumət üzərində parlament nəzarətinin gücləndirilməsi, Parlament çoxluğunu təmin edən mexanizmlərin yenidən nəzərdən keçirilməsi və sair. Bu isə o deməkdir ki, Paşinyan sadəcə Bəyannaməni çıxarmaqla kifayətlənmir, o, bütün dövlət sistemini yenidən qurmaq istəyir. Baş nazir Ermənistanı Qarabağ ideologiyası ilə yaşayan dövlətdən “real Ermənistan” dövlətinə çevirmək istəyir. Bəs bu yenilik Bakı üçün kifayət edəcəkmi? Hələlik rəsmi reaksiya yoxdur. Amma məntiqi bəllidir ki, Bakı layihəyə yox, qəbul olunacaq Konstitusiyaya baxacaq. Layihə hələ Konstitusiya deyil. Sabah referendumda erməni toplumu onu rədd edə bilər, parlament dəyişə bilər, Konstitusiya Məhkəməsi ora yenidən Bəyannamə istinadını sala bilər. Ona görə də Bakı üçün əsas olan 3 şeydir. Layihə referendumda qəbul olunacaqmı? Qəbul olunmuş mətndə həqiqətən də heç bir gizli istinad, heç bir eyham, heç bir “tarixi ədalət” ifadəsi qalmayacaqki? Ermənistanın digər qanunlarından Müstəqillik Bəyannaməsi, Qarabağ iddiası tamamilə təmizlənəcəkmi? Çünki Bakı yaxşı bilir ki, konstitusiyadan bir cümləni çıxarmaq asandır, amma dövlətin ideologiyasından Qarabağ iddiasını çıxarmaq çətindir. Əgər Konstitusiya dəyişsə, amma məktəb dərsliklərində, hərbi doktrinada, xarici siyasət sənədlərində hələ də “Qarabağ” iddiası qalsa, sülh kağız üzərində qalacaq. Buna görə Bakı haqlı olaraq layihəni yox, nəticəni gözləyəcək.
Şöhrət El-Dəniz
visiontv.az