Bakı – dünyanın azsaylı konstruktivizm memarlığı mərkəzlərindən biridir
07.10.2024

Böyük Üzeryir bəyin “O olmasın, bu olsun” əsəri əsasında 1956-cı ildə Hüseyn Seyidzadə tərəfindən çəkilmiş filmə çoxumuz baxmışıq. Orda belə bir səhnə var “Harda dincəlmək olar, Hamamda”. Bu fakt onu göstərir ki, Azərbaycanda hamamları əhalinin həyatında hər zaman xüsusi yer tutub, təkcə təmizlik üçün yox, eyni zamanda burda tibbi xidmətlər də göstərilib.

Qan alınması, hicama, masaj, bərbər və digər xidmətlər ancaq hamamlarda mümkün idi. Eyni zamanda hamamlar istirahət, ünsiyyət, sövdələşmələr üçün əlverişli yerə çevrilib. Hazırda tarixi hamamların əksəriyyəti memarlıq abidəsi kimi qorunur, bir neçəsi isə öz təyinatı üzrə istifadə olunur indinin özündə də. Düzdür müasir təmirdən sonra.

Bu kimi tarixi abidələrimizdən biri də ötən əsrin 20-30-cu illərinə məxsus çox məşhur Bakıda “Dostluq” kinoteatrının yaxınlığında yerləşən 21 nömrəli hamamdır. Bakı – dünyanın azsaylı konstruktivizm memarlığı mərkəzlərindən biridir. XX əsrin əvvəllərində Avrasiyanın iri sənaye və maliyyə mərkəzlərindən biri olan şəhər özlərindən sonra bu gün bizim haqlı olaraq fəxr etdiyimiz möhtəşəm memarlıq abidələri qoyub getmiş bir çox aparıcı memarları cəlb etmişdir. Məhz bu hamam da o dövrün memarlıq abidəsidir.

Abşeron-Bakı hamamlarında olduğu kimi burada da suyu isitmək üçün hovuzun altında tağ tavan örtüklü "külxan" adlanan xüsusi qurğu quraşdırılımış idi. Buranı neftlə, təzəklə, odunla isidərdilər. Hamam binası iki hissədən ibarət idi, bayır və içəri hissə. Bayır hissə soyunub- geyinmək üçün, içəri hissə isə çimməkdən ötrü idi. Bu iki hissəni ensiz bir dəhliz birləşdirirdi. Günbəzlərdə xırda pəncərələr açılmışdı. Bunlardan hamamın içərisinə işıq düşürdü. Hamamın xüsusi ocaqxanası-külxanası vardı ki, burada hamamın suyu odun, ya da neftlə qızdırılırdı. Hamamların içəri hissəsində üstü örtülü böyük bir hovuz vardı. Burada həmişə isti su olardı. Adamlar alçaq səkilərin üstündə yuyunub, kisələnib sabunlanandan sonra bu hovuzda boğazadək olan suya girib yaxalanırdılar. Bu hovuz xəzinə adlanırdı. Bəzi hamamlarda isə bundan əlavə xırdaca xəlvəti hovuzlar da olurdu ki, orada ancaq hörmətli adamlar yaxalanırdı. Hamamın içərisi möhkəm sal daşlarla döşənmişdi. Bayır hissədə daş döşəmədən təxminən 60 santimetr hündürlüyündə olan səkilərdə soyunmaq üçün çoxlu çaxçalar vardı.

Bir faktı da qeyd edim, bu hamamda yarımçılpaq gözəl qadın şəkilləri var idi o dövrlərdə.

O dövrlərdə o qədər məhşur idi ki, hamam Bakının əsas turistik məkanlarından biri kimi qəbul edilirdi. Keçmiş sovetlər birliyindən Bakıya məhz bu hamamda istirahət etmək üçün axışıb gəlirdilər. İkinci dünya müharibəsi dövründə də su qıtlığından əziyyət çəkən Bakı sakinləri, həmçinin yaxınlıqda yerləşən hərbi hissədən əsgərlər də bura gələrmişlər. O vaxtlar hamamın yaxınlığında tikilmiş binalarda vanna otaqları əksər hallarda nəzərdə tutulmurdu. Bu səbəbdən də, ilk dövrlərdə ictimai hamamların xidmətinə tələbat çox yüksək idi. Burada həmçinin yaxınlıqda yerləşən hərbi hissənin əsgərləri də yuyunurdu. Qonşu oğlanlar isə anbardan sabun oğurlayırdılar.

Hamamın daha çox məşhurlaşdığı dövr ötən əsrin 90-cı illəri olub. Su problemi həllini tapdıqdan, köhnə evlərin yerinə müasir binalar salındıqdan sonra hamama ehtiyac qalmayıb, bina bu günki vəziyyətə düşüb.

Zaur Aliyev, dosent

visiontv.az