"Azərbaycanın Orta Dəhlizdə mərkəzi rolu: Çin Orta Dəhliz vasitəsilə yük daşımalarını artırır"
17.09.2025

“Tahlil Bazaar” saytı yazıb ki, Asiya ölkələri artan ticarət axınlarına nəzarət uğrunda rəqabətin güclənməsi fonunda nəqliyyat marşrutlarını şaxələndirməyə və ənənəvi tranzit yollarından asılılığı azaltmağa çalışırlar.

Son illərdə Orta Dəhliz kimi tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda (TİTR) ticarət və tranzit axınları əhəmiyyətli şəkildə artıb. Bu marşrut Çin və Avropanı Mərkəzi Asiya, Xəzər dənizi, Cənubi Qafqaz və Türkiyə üzərindən birləşdirərək yük daşımaları üçün sürətli və effektiv alternativ təqdim edir.

Orta Dəhlizlə Çindən Avropaya yüklərin çatdırılması orta hesabla 20-25 gün çəkir ki, bu da ənənəvi Süveyş kanalı marşrutundan təxminən iki dəfə tezdir. 2022-ci ildən etibarən bu marşrut üzrə yük daşımalarının həcmi 90 faiz artaraq 2024-cü ildə 358 konteyner qatarının hərəkət etməsi ilə rekord səviyyəyə çatıb.

Azərbaycan isə bu nəqliyyat dəhlizində mərkəzi rola sahibdir. Ölkə Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşərək bölgənin logistika və nəqliyyat qovşağı kimi önəmini artırır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Mərkəzi Asiya və Cənubi Qafqaz dəmir yolu şəbəkələrini birləşdirən əsas qovşaqdır. Azərbaycan, habelə bir sıra terminalların inkişafına, logistika infrastrukturunun modernləşdirilməsinə və rəqəmsallaşdırma layihələrinə böyük sərmayələr yatırır.

Özəlliklə Zəngəzur dəhlizi Azərbaycan və Türkiyənin dəmir yolu şəbəkələrini birləşdirərək Avropa ilə nəqliyyat əlaqələrinin möhkəmlənməsinə imkan yaradacaq. Horadiz-Ağbənd dəmir yolu layihəsinin inşası sürətlə davam edir və tamamlandıqda bu dəhlizin illik yükdaşıma potensialı 15 milyon tona çatacaq. Bu, regionun tranzit imkanlarını xeyli artıraraq Azərbaycanı Avrasiya logistikasının əsas mərkəzlərindən birinə çevirəcək.

Azərbaycanın Çinlə əməkdaşlığı isə marşrutun rəqabət qabiliyyətinin yüksəldilməsi üçün böyük əhəmiyyət daşıyır. Bakı və Ninqbo limanları arasında logistikanın rəqəmsallaşdırılması və idarəetmənin avtomatlaşdırılması üçün birgə işçi qrup yaradılıb. Bu isə Orta Dəhlizdə əməliyyatların səmərəliliyini artırmaq üçün vacib addımdır.

Beynəlxalq siyasi arenada da Orta Dəhliz önəmli rol oynayır. ABŞ-nin bu marşruta dəstəyi regionda mövcud güclərin təsirini balanslaşdırmaq və ticarət marşrutlarında rəqabəti artırmaq məqsədi daşıyır. Azərbaycan bu geosiyasi manevrdə strateji tərəfdaş kimi çıxış edir.

visiontv.az