İranda qadına qarşı qalmaqallı məhkəmə qərarı. Məhkəmədən inanılmaz qərar; Qadın olduğu üçün mülkiyyət hüququ rədd edildi.
Gunaz TV-nin məlumatına görə, İranın Kərəc şəhərindəki məhkəmənin çıxardığı qərar qadınlara qarşı ayrı-seçkiliklə bağlı yeni müzakirələrə səbəb olub. Yayılan məhkəmə sənədinə əsasən, bir qadının motosikletin geri qaytarılması ilə bağlı iddiası cinsiyyətinə görə rədd edilib.
Qərarda hakim açıq şəkildə “Qadınların motosiklet üzərində mülkiyyət hüququ ənənəvi baxımdan qəbul edilən deyil” yazaraq, iddiaçının arqumentlərini hüquqi əsasdan məhrum hesab edib və iddianın rəddinə qərar verib.
Bu qərar İran qanunlarında qadınların daşınar əmlaka sahib olması, alqı-satqı etməsi və mülkiyyət hüququ ilə bağlı hər hansı hüquqi qadağa olmadığı halda verilib.
İran Mülki Məcəlləsinin 30-cu maddəsinə əsasən, hər bir şəxs öz əmlakı üzərində sərbəst mülkiyyət hüququna malikdir. 1118-ci maddə isə qadınların maliyyə müstəqilliyini və alqı-satqı hüququnu tanıyır.
Bu qərarın yayılması İranda qadınlara qarşı məhkəmə və hüquq sistemindəki ayrı-seçkiliklə bağlı tənqidləri yenidən gündəmə gətirib və belə hökmlərin hüquqi əsasları ilə bağlı ciddi suallar doğurub.
visiontv.az