Azərbaycanda son 15 ildə 1040 kitabxana bağlanıb
25.11.2026

Dövlət Statistika Komitəsinin bir məlumatı diqqətimi çəkdi. Komitənin noyabrın 19-da açıqladığı “Azərbaycanda təhsil, elm və mədəniyyət” məcmuəsindəki rəqəmlər dəhşətdir. Sən demə son 15 ildə ölkədəki kütləvi kitabxanaların sayı 26%-dən çox azalaraq 3 947-dən 2 907-yə enib. Yəni son 15 ildə 1040 kitabxana bağlanıb. Yəni hər 4 kitabxanadan 1-i yox olub. Bəs Kitabxanalar niyə bağlanır? Və bu Azərbaycanın oxu mədəniyyəti, gələcəyi üçün nə deməkdir. Mədəniyyət naziri Adil Kərimli deyir ki, “sovetlərdən qalma kitabxana sistemində həm infrastruktur, həm də məzmun baxımından bir çox problemlər var”.

Sovet dövründə yaşayanlar bilir ki, o dönəmdə hər kənddə, hər qəsəbədə kitabxana var idi. Çünki o vaxt kitabxana təkcə kitab yeri deyildi, ora həm də klub, mədəniyyət evi, gənclərin toplaşdığı yer idi. Müstəqillikdən sonra o sistem dağıldı. Binalar, kitablar köhnəldi, maaşlar azaldı. Dövlət yeni sistem qurmadı və köhnə sistem də öz-özünə məhv oldu. Nəticədə indi Azərbaycanda elə kəndlər var ki, orada kitabxana ya tamamilə bağlanıb, ya da kağız üzərində var, amma qapısı bağlıdır, kitabı isə yoxdur. 
Deyə bilərsiniz ki, indi hamıda mobil telefon, Google var, kitabxanaya nə ehtiyac? Ən yalnış düşüncədə budur. Çünki mobil telefon məlumat verir, kitabxana isə bilik. Telefon diqqəti dağıdır, kitabxana diqqəti toplayır. Telefon səni 15 saniyəlik videoya öyrəşdirir, kitab 300 səhifəlik düşüncəyə öyrəşdirir. Dünyanın ən inkişaf etmiş ölkələri, Finlandiya, Yaponiya, Cənubi Koreya, Çin, ABŞ kitabxanaları bağlamır, əksinə, onları daha da müasirləşdirir. Onlarda kitabxana artıq təkcə kitab yeri deyil, kompyuter mərkəzidir, uşaqlar üçün oyun, gənclər üçün startap otağıdır, böyüklər üçün kurs mərkəzidir. Bizdə isə kitabxana hələ də sovet dövründəki kimi qalıb. Tozlu rəflər, köhnə kitablar, soyuq otaq. Gənc ora niyə getsin ki? 
Görəsən Azərbaycanda kitabxanaçı maaşı nə qədərdir? Sözün düzü dəqiq bilmirəm. Amma təxminə görə uzağı 400-500 manat olar. Bu maaşa da işləyən yoxdur. Gənc, savadlı, ingilis dilini, kompyuter bilən şəxs 400 manata kitabxanada təbii ki oturmayacaq. Nəticədə kitabxanalarda əsasən yaşlı, təqaüdə yaxın insanlar işləyir. Onlar da yeni nəsilə kitab sevgisini aşılaya bilmirlər, ya da bunu üçün həvəs göstərmirlər. Çünki onların özlərinə də dəyər verən yoxdur. Buna görə də kitabxanaçı peşəsinə hörmət olmayanda, kitabxana da olmur. O cümlədən son illərdə kənd kitabxanaları optimallaşdırma adı ilə bağlanır. Deyirlər ki, bu kənddə 500 adam yaşayır və 5 adam da kitab oxuyur, kitabxanaya nə ehtiyac var? Gəlin onu bağlayıb pulu başqa yerə xərcləyək. Bu məntiq ola bilər iqtisadi cəhətdən düzgündür, amma mədəni cəhətdən fəlakətdir. Çünki o 5 adam da kitab oxumasa, sabah o kənddə 0 adam oxuyacaq. Ekspertlər deyirlər ki, bu tendensiya əhalinin mədəni səviyyəsinə mənfi təsir göstərir. Və onlar haqlıdırlar. Çünki kitabxana itkisi o deməkdir ki, Azərbaycanda artıq uşaqlar kitab oxumur. Onlar TikTok izləyir, Instagramda gəzir, oyun oynayır. Əgər məktəbdə və kənddə kitabxana yoxdursa, uşaq kitab oxumayacaq. Evdə valideyn kitab almırsa, uşaq kitabı heç vaxt sevməyəcək. Kitabxana uşaq üçün ilk kitab tanışlığıdır. Kitabxana yoxdursa, kitab sevgisi də yoxdur. 
Sivil dünya isə kitabxanaları bağlamır, dəyişdirir, müasirləşdiri. Biz də eyni şeyi edə bilərik. Bunun üçün kitabxananı kitab anbarından mədəniyyət mərkəzinə çevirmək lazımdır. Gənc kitabxanaya tək kitab almağa yox, həm də vaxt keçirməyə gəlməlidir. O gəlsin, çay-kofe içsin, dostları ilə görüşsün, sonra da bir kitab götürüb getsin. Kitabxanaçı isə adi texniki işçi deyil, o, mədəniyyət işçisidir. Mədəniyyət işcisinə uyğun da əmək haqqı verilməlidir. Əks halda, heç bir gənc bu peşəyə gəlməyəcək. Hər kitabxanada internet, elektron kitab bazası, audio kitab olmalıdır. Kənd uşağı da Bakıdakı Mərkəzi Kitabxananın elektron bazasına girib kitab oxuya bilməlidir. Kitabxana fiziki bina ilə məhdudlaşmamalıdır. Kənd kitabxanalarını bağlamaq əvəzinə, onu məktəb kitabxanası ilə, mədəniyyət evi ilə birləşdirmək olar. Bir binada həm məktəb, həm kitabxana, həm mədəniyyət evi olsun. Bu, həm pula qənaətdir, həm də kitabxana yaşayar. Bildiyim qədəri Milli Məclisdə bu məsələ bir dəfə müzakirə olunub amma hələ nəticə yoxdur. 
Biz bütün günü deyir ki, müasir dövlət qururuq, süni intellektə, yaşıl enerjiyə keçirik. Amma müasir dövlət kitab oxumayan cəmiyyətlə qurulmur. Süni intellekti kitabsız uşaq yarada bilməz. Prezident İlham Əliyev deyir ki, “Azərbaycançılıq bizim uğurlarımızın təməlidir.” Azərbaycançılığın təməlində isə kitab dayanır. Nizami, Füzuli, Cəlil Məmmədquluzadə və digərləri kitab yazmasaydı, biz kim olardıq? Kitabxana bağlamaq, gələcəyi bağlamaqdır. Ölkənin gücü neftlə, qazla, tankla ölçülmür. Ölkənin gücü həm də  kitabxanaların, kitab oxuyan uşaqların sayı ilə ölçülür.Və bu göstəriciyə görə biz çox geridəyik. 

Şöhrət El-Dəniz

visiontv.az