Azərbaycan-İran münasibətlərinin nə zaman dəyişib daha yaxşı olacağını demək mümkün deyil
Azərbaycan-İran münasibətlərinin nə zaman dəyişib daha yaxşı olacağını demək mümkün deyil
06.07.2023 Kənan Rövşənoğlu Tərəfindən

Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun keçirilən iclası ilə bağlı Bakıda səfərdə olan İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Prezident İlham Əliyevin qəbulunda olub. İranlı nazir, Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətinin tezliklə bərpa olunacağına ümidvarlığını ifadə edib.

İran - Azərbaycan münasibətləri yaxın gələcəkdə normallaşa bilərmi? Mövzu ilə bağlı siyasi şərhçi Kənan Rövşənoğlunun Visiontv.az saytına açıqlaması:

"Əlbəttə, Azərbaycan-İran münasibətləri əbədi olaraq pis qalmayacaq. Amma hazırkı münasibətlərin nə zaman dəyişib daha yaxşı olacağını demək mümkün deyil. 

Çünki belə görünür ki, bu təkcə iki ölkədən asılı məsələ deyil. Bu həm də regional siyasi proseslərdən asılı olan bir məsələdir.

İran Xarici İşlər nazirinin Azərbaycan Prezidenti ilə görüşünə gəlincə onu demək olar ki, bu müsbət hadisədir.

Əgər Azərbaycan Prezidenti İran XİN rəhbərinin rəhbərlik etdiyi heyəti qəbul edirsə, demək ki, hər iki tərəfdən münasibətləri düzəltmək üçün təşəbbüs və iradə var. Amma təbii ki, bu münasibətlər bir gündə pisləşmədiyi kimi, bir gündə də düzəlməsi mümkün deyil. Yeri gəlmişkən, bu görüşdən əvvəl İran məhkəmə sisteminin sözçüsü Tehrandakı səfirliyə hücumla bağlı istintaqın yekunlaşdığını açıqlayıb və bu açıqlamada Azərbaycana yönəlmiş müsbət mesajlar var.

Lakin dediyim kimi, münasibətlərin nə zaman tam qaydasına düşəcəyini demək çətindir. Ancaq hər bir halda bu görüş barışıq üçün müsbətə doğru bir addımdır."

Bünyamin Bünyadzadə

Visiontv.az