“Azərbaycan dəyərli qonşumuz və strateji tərəfdaşımızdır”.
Visiontv.az APA-ya istinadən xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Qaribaşvili Bakıda keçirilən SPECA-nın Zirvə görüşündə çıxışı zamanı deyib.
O bildirib ki, Gürcüstan Azərbaycan və Mərkəzi Asiya ölkələri ilə uğurlu əməkdaşlığa malikdir və bunu daha da şaxələndirmək istəyir.
Gürcüstan Baş naziri vurğulayıb ki, SPECA platforması tranzit və logistika sahəsində əməkdaşlıq üçün vacib platformadır.
Orta Dəhliz layihəsi ilə bağlı Gürcüstan Baş naziri qeyd edib ki, bu layihənin reallaşmasında Gürcüstan maraqlıdır:
“Biz coğrafi baxımdan çox cəlbedici yerdəyik. Biz bu imkanlardan sülh, sabitlik və iqtisadi böyümə üçün istifadə etməliyik. Biz bu sahəyə investisiya qoymağa hazırıq, Gürcüstan hökuməti avtomobil və dəmir yollarına investisiyalar qoyub və yeni konsepsiyalar üzərində işləyir. Boru potensialımızın inkişafı üzərində işləyirik. Qara dəniz vasitəsilə elektrik xəttinin çəkilməsi bütün region üçün çox vacib layihə olacaq. Mənim hökumətim Şərq və Qərb arasında şose yolunun çəkilməsinə investisiya qoyur, eyni zamanda, Tbilisidə yeni hava limanı tikiləcək. Ölkəmiz bu illər ərzində enerji tranzitində etibarlı tərəfdaş olub. Biz həmçinin, xam neftin Cənubi Qafqazla daşınmasına təminat veririk. Biz Mərkəzi Asiya ilə əməkdaşlığın dərinləşməsində maraqlıyıq”.
Qaribaşvili Azərbaycanla əməkdaşlığa da toxunub.
“Bu il bizim Azərbaycanla ticarət dövriyyəmiz 16 faiz artıb, 1,2 milyard dollara çatıb, Mərkəzi Asiya ilə ticarət dövriyyəmiz ötən il 50 faiz artıb, bu ilin ilk 10 ayında da bu rəqəm 1,4 milyard dollara çatıb. Sülhü, sabitliyi, iqtisadi artımı dəstəkləmək bizim hökumətimizin məqsədidir. Biz xarici siyasətdə praqmatik yanaşmanı seçmişik. Bizim iqtisadiyyatımız ötən il 10 faiz artıb, bu il 7 faiz artım olub, ÜDM artıb, inflyasiya azalıb.
Biz Aİ ilə əməkdaşlığımız genişləndiririk, bir sıra sənədlər imzalamışıq və dekabr ayında Aİ-yə namizəd statusu alacağımızı gözləyirik”, - Qaribaşvili əlavə edib.