Azərbaycan və ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üzrə Strateji İşçi Qrupun onlayn formatda tam tərkibdə ilk iclası keçirilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Məlumata görə, Strateji İşçi Qrupa Azərbaycandan xarici işlər nazirinin müavini Elnur Məmmədov, ABŞ-dən isə dövlət katibinin köməkçisinin müavini Sonata Koulter rəhbərlik edib.
Açıqlamaya görə, iclas zamanı enerji, ticarət, tranzit kimi regional bağlantılar, süni intellekt və rəqəmsal infrastruktur daxil olmaqla, iqtisadi sərmayə məsələləri nəzərdən keçirilib.
"Eləcə də müdafiə, təhlükəsizlik, terrorla mübarizə kimi sahələrdə ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib", - məlumatda vurğulanıb.
Açıqlamaya görə, Strateji İşçi Qrupun növbəti iclasının tarixləri və gündəliyi barədə razılıq əldə edilib.

Dekabrın 17-də Vaşinqton razılaşmalarının gerçəkləşdirilməsi üzrə Ermənistan-ABŞ işçi qrupunun ilk iclası keçirilib. Bu haqda Ermənistan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Qurum bildirir ki, xarici işlər nazirinin müavini Vaan Kostanyan və ABŞ dövlət katibinin köməkçisinin müavini Sonata Koulter Ermənistan-ABŞ strateji tərəfdaşlığını yüksək qiymətləndiriblər.
Kostanyan Yerevanın Ermənistan-ABŞ anlaşma memorandumlarının gerçəkləşdirilməsi yönündə fəal işləməkdə maraqlı olduğunu vurğulayıb.
Bəyanatda deyilir ki, tərəflər anlaşma memorandumlarının gerçəkləşdirilməsi üçün atılan əhəmiyyətli addımları vurğulayıb, əldə edilən irəliləyişlər barədə məlumat veriblər.
Ekspert səviyyəsində əldə olunan konkret razılaşmaların icrası üçün müzakirələri davam etdirmək barədə razılığa gəliblər.
visiontv.az