Amerikalı yazıçı, filosof, feminizm hərəkatının və Qərbin Sol düşüncəsinin “ikonu” sayılan Syuzan Sontaq (Rozenblatt) bir vaxtlar Laslo Krasnahorkayı “müasir ədəbiyyatın apokalipsis ustası” adlandırmışdı.
Onun yaradıcılığına heyran olanlar arasında “hippi hərəkatının ideoloqu” Allen Ginsberg də var. Salman Rüşdi, Vinfrid Zebald da 2025-ci il Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Krasnahorkayın pərəstişkarları arasındadır…
Qərbdə yaxşı yazıçı sadəcə ədəbiyyatçı deyil, həm də düşüncə adamıdır.
Laslo Krasnahorkay (László Krasznahorkai) belələrindəndir.
Macar olub Macarıstanın rəsmi mövqeyinə qarşı çıxan Avropa intellektualı statusunu qazanmış yazıçıdır.
Macarıstanın totalitar meyllərə yuvarlanmasını tənqid edən, azad düşüncə tərəfdarıdır.
Daima müxalifdir, sistemə sığmayan, dövlətə sükutla etiraz edən bir ədibdir.
Bəzən Berlində, bəzən də Romada yaşayır, amma yazdıqları həmişə insanın mənəvi və tarixi koordinatlarını sorğulayır.
“Mən yarı-yəhudiyəm. Amma əgər Macarıstanda hər şey bu templə davam etsə, tezliklə tam yəhudi olacağam”, – bir müsahibəsində belə demişdi 71 yaşlı yazıçı.
Bu, sadəcə etnik etiraf deyil, bu, Avropanın yaddaşına ünvanlanan sarkastik bir cümlədir.
Krasnahorkay üçün yazı — siyasi bəyanat deyil, vicdanın ifadəsidir. Onun mövqeyi bəzən sərtdir: Ukrayna müharibəsini “insanlıq faciəsi” adlandırır, Rusiya rəhbərliyini isə Marsa yollmağı təklif edir. Amma bu ifadələrin arxasında nifrət yoxdur, arxasında insanlığın məhvini görmək istəməyən bir kədər dayanır.
Krasnahorkay bu gün Avropanın mərkəzində, ümid və apokalipsis arasında titrəyən bir yazıcıdır. O, inanır ki, gələcək sadəcə bir illüziyadır, amma insanı yaşadan — bu anın gerçəkliyidir…
İbrahim Nəbioğlu
visiontv.az