ABŞ Kosmik Qüvvələrinin sifarişi ilə "SpaceX" şirkəti gizli yükə malik "Falcon 9" daşıyıcı raketinin buraxılışını həyata keçirib. Bu missiyaya "USSF-259" adı verilib.
Visiontv.az rbc.ru-ya istinadən xəbər verir ki, uçuş Kaliforniya ştatındakı Vandenberq bazasının kosmodromundan icra olunub.
Sentyabrın 15-də həyata keçirilməli olan əvvəlki buraxılış cəhdi raketin yanacaqla doldurulmasından əvvəl məlum olmayan texniki səbəblərdən təxirə salınmışdı. Növbəti gün "Falcon 9" raketi yükü nəzərdə tutulan orbitə müvəffəqiyyətlə çatdırıb və birinci pillə dəniz platformasına uğurla eniş edib.
Orbitə çıxarılan cihazların miqdarı, texniki göstəriciləri və məqsədləri barədə rəsmi rəqəmlər açıqlanmayıb. Yalnız o bəllidir ki, layihənin sifarişçisi milli təhlükəsizlik maraqlarına xidmət edən uçuş proqramı çərçivəsində ABŞ Kosmik Qüvvələridir. "USSF-259" Birləşmiş Ştatların Kosmik Qüvvələrinin gizli missiyasını bildirən koddur.
Qeyd edək ki, bu, cari ilin əvvəlindən bəri "SpaceX"in ABŞ-nin milli təhlükəsizlik maraqları üçün həyata keçirdiyi sayca altıncı buraxılışdır.
visiontv.az