Aİ ölkələri ukraynalı qadınlardan da hərbi mükəlləfiyyət barədə sənəd tələb edə bilər
20.08.2026

Avropa İttifaqı (Aİ) ölkələri ukraynalı qadınlara müvəqqəti müdafiə təqdim edərkən onlardan hərbi mükəlləfiyyətinin olub-olmamasını təsdiqləmələrini tələb edə bilər, çünki müvafiq qərar gender əsasında fərqlilik nəzərdə tutmur.

Bu barədə  Avropa Komissiyasının nümayəndəsi Markus Lammert Brüsseldə keçirilən brifinqdə bildirib.

Avqustun əvvəlində qüvvəyə minən, ukraynalılar üçün müvəqqəti müdafiənin uzadılması haqqında  Aİ Şurasının qərarı Ukraynada hərbi vəzifələrin yerinə yetirilməsi ilə bağlı şərt ehtiva edir və zərurət yarandıqda təsdiqedici sənədlərin təqdim edilməsini nəzərdə tutur.

"Şuranın qərarı hərbi və ya keçmiş hərbi xidmətlə bağlı müddəaların tətbiqi zamanı kişilər və qadınlar arasında fərq qoymur", - Lammert bildirib.

Ukrayna XİN-in ukraynalı qadınların bəzi  Aİ ölkələrinə girişi zamanı onlardan hərbi mükəlləfiyyətli olmadıqlarını təsdiqləmələrinin istənilməsi halları barədə məlumatlarını şərh edərkən o qeyd edib ki, hər bir ayrı-ayrı halın praktiki olaraq qiymətləndirilməsi və yoxlamaların həyata keçirilməsi milli hakimiyyət orqanlarının məsuliyyətidir.

Yeni qaydaların fərqli yozulmasının qarşısını almaq üçün  Avropa Komissiyası artıq  Aİ ölkələrinə tez-tez verilən suallara cavabları ehtiva edən sənəd göndərib və yaxın həftələrdə yenilənmiş operativ tövsiyələri dərc edəcək, - Lammert bildirib.

Onun sözlərinə görə, tövsiyələr  Aİ-yə üzv dövlətlərə onların tətbiqi zamanı yeknəsəqliyi təmin etməyə kömək etməlidir.

visiontv.az