Ağayi Məsudun soyadı nəmənədir?
01.07.2024

Bizim bəzi “analitiklər” artıq bayram edirlər. İranda keçirilən seçkilərdə türk namizəd Məsud Pezeşkianın öndə getməsini “Böyük Zəfər” kimi təqdim edirlər. Halbuki İranda dəyişiklik prezidentin etnik kimliyi ilə deyil rejimlə düz mütənasibdir. Yəni mollalar iqtidarda olduğu müddətcə Pezeşkianvə ya başqa islahatçılar heç nə edən deyillər. Olsa-olsa fars əsilli Əhmədinejatın bir başqa variantı olacaq bu namizəd. Qaldı ki, seçkilər 2-cu tura keçsə mühafizəkarların birləşərək türk namizədi keçməsi çox da çətin olmayacaq sanki.

Bu sabah bizim saytlardan birində oxuduğum bir yazıda 6-7 dəfə yeni namizədin adı çəkilib. Bəzi yerdə soyadını “Pezeşkiyan”, bəzilərində isə “Pezeşkian” kimi yazıblar. “Şanlı” məqalədə israrla, inadla onu azərbaycanlı kimi qələmə veritlər. Halbuki Pezeşkian özü öz ağzı ilə türk olduğunu, evdə türkcə danışdıqlarını deyir müsahibələrində. “Azərbaycan” İranda bir vilayət adıdır və onlar özlərinə “azərbaycanlı” deyil, “türk” deyirlər.

Zənnimcə, biz əvvəlcə öz əriştəmizi kəsməliyik. Məsələn, sentyabr ayının 1-də seçkilərdə iştirak etməli, hərə öz gördüyü işi sevgi ilə, ləyaqətlə, vicdan görməli, bütün gücümüzü, enerjimizi təhsilə yönəltməli və ancaq bundan sonra Pezeşkianın aqibətini maraq etməliyik.

Bu arada hərşeyşünas analitiklərə boş yerə pul verməkdənsə hər mətbu orqanı özünə yaxşı bir korrektor tutsun...yoxsa bilməyəcəyik ki, Ağayi Məsud Pezeşkiyandır yoxsa Pezeşkian...

İbrahim Nəbioğlu

visiontv.az