ABŞ-la İran araslnda Cenevrədə aparılan danışıqlardan sonra hər kəs iki dövlət arasında müharibə çıxacağını gözləyirdi. Partlayış xəbərləri isə Pakistan-Əfqanıstan sərhədlərindən gəldi. Əfqanıstan hökumətinin sözçüsü Zəbihullah Mücahid iki ölkə arasındakı sərhəd olan Durand xətti boyunca Pakistan hərbi obyektlərinə qarşı genişmiqyaslı əməliyyatların başladığını açıqladı. Pakistanın informasiya naziri Tarar isə atışmalar nəticəsində Əfqanıstan tərəfində 133 nəfərin öldüyünü və 200-dən çox insanın yaralandığını iddia etdi. Təhlükəsizlik mənbələri Pakistan hərbi təyyarələrinin Kabil və Qəndəhara hava hücumları həyata keçirdiyini bildirir.
İki müsəlman ölkə arasında hərbi gərginliyin artmasının Hindistan Baş naziri Narendra Modinin İsrailə səfərindən dərhal sonraya düşməsi də diqqətçəkicidir. Qeyd edək ki, Modi İsraildə xüsusi təmtəraqla qarşılanmış və iki dövlət arasında 16 strateji əhəmiyyətli müqavilələr bağlanmışdı. Bu müqavilələr arasında hərbi əhəmiyyət daşıyan razılaşmalar da var. Sözügedən anlaşmalarda Hindistanın hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi, lazer silahlarının Hind təyyarələrinə quraşdırılması kimi olduqca ciddi xüsuslar da yer alır. Nəzərə alsaq ki, Modinin məlum səfərindən əvvəl İsrail Baş naziri Binyamin Netanyahu şiə və sünni ittifaqa qarşı müxtəlif coğrafiyalarda yerləşən ölkələrdən ibarət 6-guşəli müdafiə sistemi yaradacaqlarını bəyan etmiş və bu ittifaqın üzvləri arasında Hindistanın adını xüsusilə çəkmişdir, Narendra Modi ilə imzalanan hərbi-strateji müqavilələr ayrı bir anlam qazanır. Görünən budur ki, Tel-əviv İran məsələsinin artıq həll edildiyini, növbəti mərhələdə əsas hədəfin sünni ittifaqlar olduğunu düşünür və bu istiqamətdə ilk addımları atır.
Prinsip etibarilə, Cenevrədə keçirilən İran və ABŞ danışıqlarından gələn xəbərlər də bu ehtimalı gücləndirir. İstər danışıqların vasitəçisi olan Omanın, istərsə də İranın Xarici İşlər nazirləri görüşün nəticələri barədə verdikləri açıqlamalar tərəflərin ilkin razılaşmalar əldə etdiklərini göstərir. Məlumata görə, saatlarla sürən danışıqlarda “əhəmiyyətli irəliləyiş əldə edilib", gələn həftənin ilk iş günündə Vyanada keçiriləcək növbəti görüşlərdə anlaşmanın “texniki tərəfləri” masaya yatırılacaq. (Əldə olunan mümkün razılaşmaların ayrıntıları ilə bağlı dünən “Şərq” qəzetinə verdiyim müsahibədə geniş bəhs etdiyimdən bir daha mülahizələrimi təkrarlamaq istəmirəm. İnşallah, yazı dərc olunanda sizinlə paylaşacağam).
Modinin İsrail səfərindən və ABŞ-İran danışıqlarında “önəmli irəliləyişlər əldə olunmasından" dərhal sonra Pakistan-Əfqanıstan gərginliyinin ortaya çıxmasının səbəblərinə gəlincə, fikrimcə, əsas məsələ Netanyahunun təbiri ilə desək, “sünni ittifaqın” son zamanlar aktivləşməsi və regional təhlükələrə qarşı ittifaq qurması ilə bağlı ola bilər. Məlum olduğu kimi, bir müddət əvvəl Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan Səudiyyə Ərəbistanı və Misirə səfər etmişdi. Səfər çərçivəsində tərəflər ABŞ-ın İrana hücum təhdidlərini, Suriyadakı son hadisələri və Qəzzadakı vəziyyət kimi regional məsələləri, eləcə də ikitərəfli münasibətləri masaya yatırmışdılar. Hər iki ölkədə müdafiə sənayesi, aviasiya, enerji, infrastruktur və tikinti, səhiyyə, kənd təsərrüfatı, qida, turizm, informasiya texnologiyaları, rəqəmsal transformasiya, logistika, daşınmaz əmlak və s. kimi sahələrdə yeni əməkdaşlıq imkanlarının müzakirə etdikləri bildirilir. İsrail və regional müttəfiqləri bu səfərlərin adi gediş-gəliş olmadığını, yeni hərbi ittifaq arayışlarından irəli gəldiyini düşünürdülər. Almaniyanın DW nəşri səfərləri belə şərh edirdi: “Keçmişdə çətin dövrlər yaşayan bu iki ölkə ilə əlaqələr Türkiyənin ABŞ və Rusiyadan asılı olmayaraq Yaxın Şərqdə təhlükəsizlik arxitekturası qurmaq səyləri üçün vacibdir”.
Bir çox analitiklər Türkiyə prezidentinin Səudiyyə Ərəbistanı və Misirə səfərlərinin əsas məqsədinin NATO Nizamnaməsinin 5-ci maddəsinə uyğun şəkildə hərbi ittifaq qurmaq istəyi ilə əlaqələndirirlər. Bu mülahizəyə görə, yeni hərbi ittifaqın nüvə çətiri Pakistan, konvensional silah tədarükçüsü Türkiyə, maliyyə mənbəyi isə Səudiyyə Ərəbistanı ola bilər.
Bildirildiyinə görə, artıq ABŞ-a güvənməyən Səudiyyə Ərəbistanı özünün hava hücumundan müdafiə imkanlarını artırmaq üçün alternativlər axtarır. Bunun üçün də Pakistandan Çin istehsalı olan JF-17 hərbi təyyarələri, Türkiyədən isə KAAN qırıcıları almaq istəyir. Amma Çini özünün ən güclü rəqibi kimi görən ABŞ JF-17 hərbi təyyarələrinin alınmasına isti baxmadığından rəsmi Riyad əsasən Türk qırıcıları üzərində dayanıb. Səudiyyə Ərəbistanı 100 ədəd KAAN təyyarəsi almaq barədə düşünür. Hətta bununla da kifayətlənmək istəmir, təyyarənin birgə istehsalı barədə Türkiyə ilə danışıqlar aparır. Misir və Pakistanın da Türkiyə istehsalı olan dronlara və təyyarələrə ehtiyacı var. Haqqında danışdığımız ölkələrin bu ortaq ehtiyacları onları birgə fəaliyyət göstərməyə, hərbi-strateji ittifaqlar qurmağa təşviq edir. Netanyahunun 6 guşəli təhlükəsizlik ittifaqı təklifinin məhz belə bir məqamda gəlməsi də təsadüfi deyil.
Bəs İran-ABŞ danışıqlarının bu məsələyə nə dəxli var?
Fikrimcə, bu sualın ən dolğun cavabı Netanyahuya yaxınlığı ilə seçilən sağçı “İsrail Hayom” qəzetində yazan siyasətçi Zvi Hauserin iddiaları və mülahizələridir. Hauserin fikrincə, Modinin Netanyahu ilə müzakirə etdiyi əsas mövzulardan birinin İranın gələcəyi və mövcud rejimin potensial çöküşünün yarada biləcəyi geniş imkanlarla bağlı idi. Müəllif, yazısında “molla rejiminin çöküşündən sonrakı dövrdə İsrail, Hindistan və İranın bölgədə güclü strateji ittifaq yarada biləcəklərini” istisna etməmişdi.
Qısası, görünən budur ki, Cenevrə danışıqlarında ilk uğurlu nəticələr alınan kimi İsrail İranı da özünün “anti-sünni ittifaqı”na qoşmaq niyyətindədir. Kim bilir, bəlkə də İran rəsmiləri məhz bu səbəbdən ABŞ-la danışıqlarda Türkiyənin vasitəçiliyindən imtina etmişdir.
Heydər Oğuz
visiontv.az