Artıq elektron cihazlar və rəqəmsal mühitlər də müharibələrin əsas komponentlərinə çevrilmişdir. Bu yeni dövrdə “Elektron Müharibə” və “Rəqəmsal Sui-qəsdlər” kimi anlayışlar ön plana çıxmaqdadır.
Ötən həftə Livanda bir neçə rabitə cihazının, o cümlədən peycerlərin partlaması nəticəsində çox sayda insan həyatını itirdi. Bundan əlavə, bir çox ölkədə, o cümlədən ABŞ-də, komunal (Su, Elektrik, Qaz) və strateji qurumların avtomatlaşdırma (SCADA) sistemlərinə kiber müdaxilələr edilərək, mülki vətəndaşlar kütləvi şəkildə hədəfə alınır. Rəqəmsal dövrdə bu cür hadisələrə “Elektron müharibə” deyə bilərik. Üzərimizdə daşıdığımız və ya sabit istifadə etdiyimiz elektron cihazlar artdıqca və məlumatlarımız rəqəmsal mühitdə keçdikcə “Rəqəmsal Sui-qəsd” riski ilə üzləşmə təhlükəsidə artır.
Rəqəmsal dövrün ən böyük təhlükələrindən biri də "Elektron Müharibə Texnikaları və Rəqəmsal Sui-qəsdlər"dir. Kiber sənaye bu sahədə yeni bir mərhələ açaraq, rəqəmsal sui-qəsd anlayışını daha da dərinləşdirir. "Elektron Müharibə" və "Rəqəmsal Sui-qəsdlər" müasir və ya hibrid müharibələrinin ən kritik komponentlərindən biridir və bu sahədəki inkişaflar gələcək münaqişələrin və müharibələrin gedişatını müəyyən edəcəkdir.
Livanda baş verən rəqəmsal sui-qəsdlər göstərdi ki, kiber müharibələrdə elektron cihazlara kiber müdaxilə ilə mülki insanlar kütləvi şəkildə hədəfə çevrilə bilər. Bu cür sui-qəsdlərdə istifadə etdiyimiz elektron cihazlar və onların daxilindəki partlayıcı maddələrdən istifadə edilə bilər.
Düşünürəm ki, inkişaf etmiş ölkələr rəqəmsal sui-qəsdlərdən müdafiə strategiyası formalaşdırmağa başlamışdır. Biz bilirik ki, artıq bir necə ölkədə "Kiber ordu" formalaşır. Hesab edirəm ki, rəqəmsal transformasiyadan öncə güclü kiber müdafiə hazırlığı olmalıdır.
Məni düşündürən bir çox məqam var.
Ölkəmizdə SCADA sistemləri nə qədər təhlükəsizdir? SCADA sistemlərimizə kiber müdaxilə oluna bilərmi?
5G istifadəsi ilə GSM xətləri nə qədər təhlükəsizdir? 5G-dən sonra GSM xətlərinə müdaxilə oluna bilərmi?
Siyahı çox uzana bilər…
Not: Bu məqalənin 4-cü nəsil müharibə ilə və ya 5-ci nəsil silahlar ilə heç bir əlaqəsi yoxdur.
İKT mütəxəssisi Elvin Abbasov
visiontv.az