Trampın "tarif müharibəsi": ABŞ prezidenti bu addımı niyə atdı?
Trampın "tarif müharibəsi": ABŞ prezidenti bu addımı niyə atdı?
04.04.2025 Bəybala Mirzəyev Tərəfindən

ABŞ prezidenti Donald Tramp öncədən bəyan edildiyi kimi yeni vergi-gömrük tariflərini açıqladı. Birləşmiş Ştatların digər ölkələrə qarşılıqlı şəkildə tətbiq etdiyi gömrük vergilərinin (tariflər, rüsumlar) siyahısında 100-dən çox ölkə yer alır.

Azərbaycan ABŞ-ın ən az - 10% gömrük vergisi tətbiq edəcəyi ölkələr siyahısındadır. Belə ki, Azərbaycan ABŞ-a 10% vergi tətbiq etdiyi üçün, ABŞ da aprelin 5-dən etibarən Azərbaycana 10 % vergi tətbiq edəcək.

Digər türk dövlətləri arasında ən çox idxal vergisinə məruz qalan ölkə isə Qazaxıstan olacaq - 27%.

Tramp bu addımı niyə atdı?

O, bu tarifləri öz ölkəsinin ticarət müstəqilliyini bərpa etmək məqsədilə tətbiq etdiyini vurğulayıb və əmindir ki, bu kimi addımlar nəticəsində ölkəsinin iqtisadi gücü tezliklə yenidən yüksələcək.

Bəs, biz ABŞ-dan hansı məhsulları idxal edirik və bu ölkəyə nə satırıq?

Azərbaycanın ABŞ-dan satın aldığı məhsullar əsas etibarilə qiymətli metallar, mülki təyyarələr və onların ehtiyat hissələri, avtomobillər, cürbəcür avadanlıq və cihazlar, borular, çənlər və s. sahələrə aiddir.

ABŞ-a ixrac etdiyimiz məhsulların sırasına isə təbii meyvə şirələri, mürəbbələr, xalça və digər toxuculuq malları, dərman və ətir hazırlamaq üçün bitkilər, yumurta, şərab məmulatları, neft-kimya məhsulları, müxtəlif texniki avadanlıqlar daxildir.

Bu tariflərin Azərbaycan məhsullarının Amerikada satış imkanlarına sözsüz ki, müəyyən qədər mənfi təsiri olacaq. Qiymətlər artacaq. Bu isə öz növbəsində alıcıların azalmasına səbəb ola bilər. Lakin ümumilikdə isə, Tramp tərəfindən tətbiq edilən 10%-lik gömrük rüsumları Azərbaycan üçün elə də ciddi itkilər vəd etmir.

Trampın bu addımları ilk növbədə amerikalıları narahat etməlidir. Çünki bu cür radikal qərarlar dünyada ABŞ-a və Trampın özünə qarşı aqressiv münasibəti daha da gücləndirir. Hərçənd ki, amerikalılar arasında Trampın bu qərarlarını dəstəkləyənlər də çoxdur.

Bəybala Mirzəyev

visiontv.az



Gündəlik

slide 7 to 10 of 8