Xəzər dənizi: İran üçün məşğulluq və inkişaf qapısı
16.11.2025

IRNA saytı yazır ki, Xəzər dənizi İran da daxil olmaqla sahilyanı ölkələr üçün məşğulluq imkanlarının genişləndirilməsi və iqtisadi inkişaf baxımından mühüm əhəmiyyət daşıyır.

Azərbaycan, Rusiya, Qazaxıstan və Türkmənistanla coğrafi, iqtisadi və mədəni yaxınlıq İran üçün əməkdaşlıq və yeni iş yerlərinin açılması istiqamətində dəyərli perspektivlər yaradır. Xəzəryanı qonşularla əlaqələrin gücləndirilməsi ölkədə işsizliyin azalması üçün praktik həll yolu kimi qiymətləndirilir.

Məlumata görə, Rəşt şəhəri noyabrın 18–19-da Xəzər dənizi ölkələrinin sahilyanı əyalətlərinin başçılarının ilk iclasına ev sahibliyi edəcək. Toplantının məqsədi regional əməkdaşlığın genişləndirilməsi, iqtisadi əlaqələrin gücləndirilməsi, həmçinin dünyanın ən böyük qapalı su hövzəsində davamlı inkişaf və ətraf mühitin mühafizəsi sahəsində koordinasiyanın artırılmasıdır.

Bildirilib ki, Xəzər dənizi və ona bitişik ölkələrlə əlaqələrin genişləndirilməsi İran iqtisadiyyatında inkişafın əsas istiqamətlərindən biri kimi qiymətləndirilir. Bu regionun böyük neft və qaz ehtiyatları, tranzit imkanları və geniş istehlak bazarları İran üçün mühüm strateji dəyər kəsb edir. İranın Rusiya, Qazaxıstan, Türkmənistan və Azərbaycanla iqtisadi-ticarət əməkdaşlığını gücləndirməsi yeni iş yerlərinin yaradılmasına və daxili əmək bazarının inkişafına şərait yarada bilər.

Gilan valisi Hadi Haqşenas bildirib ki, Xəzəryanı ölkələrin rəsmilərinin görüşü İranın şimal qonşuları ilə xalq diplomatiyasının möhkəmləndirilməsinin göstəricisidir. Onun sözlərinə görə, toplantı İran, Rusiya, Qazaxıstan, Türkmənistan və Azərbaycan nümayəndələrinin qarşılıqlı imkanları daha yaxından tanıması məqsədi daşıyır.

Əyalət başçısı qeyd edib ki, Gilan əyalətinin Şimal–Cənub nəqliyyat dəhlizində yerləşməsi bu əyalətə xüsusi strateji üstünlük verir: “Gilan ev sahibi kimi geniş iqtisadi potensiala malikdir və regional əməkdaşlıq sahəsində mühüm rol oynaya bilər”.

visiontv.az