Xalq təbabəti məsələsində hazırda ən çox maddi vəsaitin dövr etdiyi ölkə elə bəlkə də Almaniyadır
18.10.2024

Son günlər aktiv müzakirə olunan xalq təbabəti yoxsa ənənəvi tibb məsələsi əslində çox radikal baş tutur. Ya o tərəf ya bu tərəf şəklində mübahisəni düzgün saymıram. Amma Azərbaycanda mövcud böyük xalq təbabəti dələduzluq tendensiyası bəlkə də fikirlərin radikal səslənməsinə gətirib çıxarır.

Davam etmədən qeyd edim ki, mən də ixtisasca həkiməm (oftalmoloq) və artıq 10 ildir ki Almaniyada fəaliyyət göstərirəm. Xalq təbabəti məsələsində hazırda ən çox maddi vəsaitin dövr etdiyi ölkə elə bəlkə də Almaniyadır, amma ənənəvi tibbin əvəzedicisi olaraq yox. Yəni məsələn qalxanabənzər vəzin diafunksiyası (Zob) qoz qabığından, şəkərli diabet zamanı müxtəlif bitkilərdən və ya ürək infarktı keçirmiş xəstələrdə zəlidən istifadə edilmir. Zəli qoyduran və bunun üçün külli miqdarda pul xərcləyən "xəstələr" də az deyil, ona görə dönən maddi vəsait də çoxdur. Bu isə insanların öz seçimidir.

Söz açılmışkən burada bu mövzu ilə bağlı başıma gələn bir hadisəni də danışım. Demək bir xəstəm vardı. İnkişaf etmiş quru forma

makula degenerasiyası xəstəsi idi və təəssüf ki, müasir tibbdə hələ ki onun görmə funksiyasını geri gətirə biləcək bir metod yoxdur. Bu xəstəmiz bir "xalq təbabətçisi" taparaq ona müalicə üçün 20 min avro ödəmişdi, təbii ki sağalma vədləri ilə. Etik olmayan budur və təəssüf ki, Azərbaycanda bu kimi hallar geniş yayılıb, bəzən isə insanların sağlamlığını bərpa olunmayacaq şəkildə itirməsinə səbəb olur.

Videoda isə Afrika qəbilələri arasında məşhur olan xroniki baş ağrılarına (Miqren və s.) qarşı xalq təbabəti müalicə metodunu görürsünüz.

 

Nendertal

visiontv.az