İlk hərbi nazirimiz nəyə görə ingilis ordenlərinin geri qaytarılmasını istəmişdi?
18.10.2024

General Mehmandarov çağdaş tariximizdə Azərbaycan Xalq Cümhuriyyəti ordusunun qurucusu, memarı kimi iz qoyub. O, qısa müddət ərzində 30 minlik nizami ordu yaratmağa nail olmuşdu.

Peşəkar döyüş generalı olan Mehmandarovun iki prinsipi özəlliklə diqqətə layiqdir.

Birincisi, o, hesab edirdi ki, Cümhuriyyət ordusu siyasətdən kənarda qalmalı və yalnız Azərbaycan dövlətinin müstəqilliyinin keşiyində dayanmalı, millətə xidmət etməlidir. O, bu prinsipə nazir olduğu müddətdə axıra qədər sadiq qaldı.

Mehmandarovun əmri ilə rusdilli zabitlərin çoxluq təşkil etdiyi gənc ordumuzda Azərbaycan türkcəsi rəsmi dil elan olunmuş, əsgərlərin Azərbaycan dilində Vətənə sədaqət andı içmələrinə göstəriş verilmişdi. Həmçinin əsgər marşlarının da məhz Azərbaycan dilində oxunması tapşırılmışdı.

İkinci fakt isə onun şəxs keyfiyyəti, milli zabit ləyaqəti ilə bağlıdır.

Belə ki, 1919-cu ilin yazında ingilis hərbi hissələri Azərbaycanda olduğu dövrdə dislokasiya olduqları yerlərdə talançılığa yol verdiklərinə və eləcə də gizli kəşfiyyat işi apardıqlarına görə, Hərbiyyə nazirimiz Səməd bəy Mehmandarov Azərbaycan Xalq Cümhuriyyətinin Baş naziri Nəsib bəy Yusifbəyliyə göndərdiyi rəsmi məktubda ingilislərin əməllərinə etiraz əlaməti olaraq, İngiltərə hökumətinin Birinci Dünya müharibəsi illərində ona verdiyi ordenlərin İngiltərə hökumətinə geri qaytarılmasını Azərbaycan hökumətindən xahiş etmişdi.

Bax, bu cür azman şəxsiyyətlərimiz olub tariximizdə. Və onlar tariximizlə öyünməyimiz üçün doğrudan da çox böyük işlər görüblər.

Ruhuna sayğılar!

Bəybala Mirzəyev

visiontv.az