İranın ali rəhbərinin müşaviri Əli Əkbər Vilayəti Ermənistanın baş naziri Nikol Paşinyanın İranın regional siyasətinə və Zəngəzur dəhlizi ilə bağlı mövqeyinə qarşı çıxan addımlarını tənqid edib.
Vilayəti “Ettelaat” qəzetində dərc olunan yazısında İran-Ermənistan münasibətlərinin tarixinə toxunaraq Paşinyan hökumətinin siyasətinin iki ölkə arasındakı ənənəvi münasibətlərə zərbə vurduğunu bildirib. O, fikirlərini 25 bənddə ifadə edib:
1. Bildiyim qədərilə, Ermənistan-İran münasibətlərinin uzun tarixində, Parfiya dövründən bəri iki min ildən artıq davam edən əlaqələrimizdə belə problemlər heç vaxt müşahidə olunmamışdı;
2. Xarici işlər naziri olduğum vaxt Ermənistana səfər etdim. İrəvandan ermənilərin dini şəhəri olan Üçmiədzin (Üçkilsə) getdim. Orada erməni alimləri, yepiskoplar və keşişlərlə görüşdüm;
3. Orada iki kilsə gördüm. Kilsələrdən biri alimlərin və ruhanilərin iqamətgahı idi və mən erməni ruhaniləri ilə tanış oldum. Onun tam qarşısında Şah Abbas tərəfindən tikilmiş, çox gözəl və təsirli başqa bir kilsə yerləşirdi;
4. Tələbə olarkən ilk dəfə İsfahana səfər etdiyim zaman Culfa bölgəsinə getdim və Şah Abbas Səfəvinin ermənilər üçün tikdirdiyi Vəng kilsəsini gördüm;
5. İki ölkə münasibətlərini araşdırarkən heç vaxt qaranlıq bir məqamla qarşılaşmamışam;
6. Türkmənçay müqaviləsinin imzalanması ilə nəticələnən İkinci Rusiya-İran müharibəsi zamanı Ermənistan İrandan ayrılaraq Rusiyanın tərkibinə daxil oldu;
7. Bu proseslərdən sonra İran heç vaxt Ermənistanın və onun xalqının müstəqilliyinə hörmət etməkdən geri çəkilməyib. Ermənistan-İran əlaqələri həmişə dostluq xarakteri daşıyıb;
8. Mən Ermənistanın siyasi partiyalarını və qruplarını tanıyıram, onların bəzi liderləri ilə yaxından tanış olmuşam. İranda, həm inqilabdan öncə, həm də sonra erməni azlığına həmişə hörmətlə yanaşılıb. Ermənilərin bizim parlamentdə iki nümayəndəsi var;
9. Sovet İttifaqının dağılmasından və 15 müstəqil respublikanın yaranmasından sonra İranın keçmiş SSR-yə daxil olan bütün respublikalarla münasibətləri, bəzilərinin xoşagəlməz davranışları istisna olmaqla, dostluq və normal münasibətlər olub;
10. 2018-ci ildə Ermənistanda baş verən və “Məxməri inqilab” və ya “Rəngli inqilab” adlandırılan hadisələr zamanı Nikol Paşinyan, Qırğızıstan və Gürcüstan kimi bəzi digər respublikaların nümunəsini izləyərək, Moskva ilə sıx əməkdaşlıq edən əvvəlki Ermənistan hökumətini devirməyə cəhd göstərdi;
11. Nikol Paşinyanın yeni hökumətinin zərərli addımlarından biri Ermənistan və Azərbaycan arasındakı düşmənçiliyi daha da alovlandırmaq oldu. Halbuki bu düşmənçilik indi əvvəlkindən daha kəskin xarakter alıb;
12. Ancaq son zamanlar Paşinyan Ermənistan üçün parçalanma və problemlər yaratmaqdan başqa heç bir nəticə verməyən addımlar atıb;
13. Erməni xalqının maraqlarına zidd olan bir sıra mənfi addımları bir sözlə ümumiləşdirmək olar: liberalizmə və demokratiyaya əsaslanmayan liberal-demokratik nizamı davam etdirmək məqsədilə Qərbin, xüsusilə Fransanın, ABŞ-nin və Britaniyanın siyasətinə uyğunlaşma prosesinin möhkəmləndirilməsi;
14. Paşinyanın mürəkkəb keçmişini nəzərə alsaq, bu davranış Cənubi Qafqazda düşmənçilik və gərginliyin yeni mərhələsinin başlanmasına səbəb olur;
15. O, səkkiz ildən artıqdır ki, təhlükəsizliyi qoruduğunu və ya pozduğunu iddia edən bütün maraqlı tərəflərlə sıx və açıq əlaqələr qurur;
16. Onun Azərbaycan, İran, Türkiyə və gələcəkdə Gürcüstanla münasibətləri hazırda qeyri-sabit və gözlənilməzdir;
17. Onun son addımı “Minüzlü Adam” adlanan Trampın Zəngəzur dəhlizinin adının “Tramp marşrutu” və ya “TRIPP” olaraq dəyişdirilməsi ilə bağlı əsassız və düşünülməmiş təklifini dəstəkləmək olub;
18. Tehrana gələn Ermənistanın xarici işlər nazirinin müavini ilə iki ayrı görüşdə, eləcə də Ermənistanın Tehrandakı səfiri ilə keçirdiyim başqa bir görüşdə onlara bəzi məsələləri açıq şəkildə bildirdim;
19. Qeyd etdim ki, İran Rusiyanın Ukrayna ilə bağlı problemlərindən xəbərdardır. Buna görə də Ermənistan yanlış hesablamalar apararaq Rusiyanın Ukraynadakı müharibəyə cəlb olunduğu üçün Cənubi Qafqazın təhlükəsizliyi ilə o qədər də maraqlanmadığını düşünə bilər;
20. Mətbuata verdiyim müsahibədə bildirmişəm ki, İran Rusiya ilə birlikdə və ya Rusiyasız Cənubi Qafqazın təhlükəsizliyinin qorunmasına görə məsuliyyət daşıyır. Necə ki, Böyük Kirin dövründən bəri Qafqaz, Dağıstanın Dərbənd şəhərinədək, İranın "təhlükəsizlik buferi" olub;
21. 2021-ci ilin iyununda Tehranda keçirilən Astana sammitində səhər Ərdoğanla, axşam isə Putinlə İranın mərhum ali rəhbəri Əli Xameneyinin keçirdiyi görüşlərdə iştirak etdim və bu məsələ Xameneyi tərəfindən açıq şəkildə bildirildi:
- “Biz Zəngəzur dəhlizinin yaradılmasına qarşıyıq”;
- Mərhum ali rəhbərin xarici siyasət və mühüm milli məsələlərlə bağlı strateji bəyanatları İran İslam Respublikasında qırmızı xətt hesab olunur;
22. Yuxarıda qeyd olunan iki görüşdən sonra İran Silahlı Qüvvələri tərəfindən çox güclü hərbi manevr həyata keçirildi. Həmin vaxt İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi bu gücü və qətiyyəti nümayiş etdirmək məqsədilə əməliyyat bölgəsinə səfər etdi;
23. Ermənistan səfirinə son sözümü açıq şəkildə dedim: “Əgər Tramp və onun müttəfiqləri İranın qırmızı xəttini keçmək istəsələr, biz onların ayaqlarını sındıracağıq”;
24. Ötən həftənin sonlarında Ermənistan parlamenti bu dəhlizin tikintisini təsdiqlədi. Bu, nə deməkdir?!;
25. Nikol Paşinyanın və onun tərəfdarlarının bu nəticəsiz addımı mülayim və müdrik siyasi tarixə malik nəcib Ermənistan xalqını həqiqətən utandıracaq bir hərəkətdir.
visiontv.az