İranda məktəblilərə qarşı ideoloji zorakılıq baş alıb gedir
06.11.2026

İran adlanan ölkənin müxtəlif şəhərlərindəki məktəblərdən daxil olan məlumatlar şagirdlərə qarşı təhlükəsizlik nəzarətinin, ideoloji təzyiqlərin və hərbiləşdirilmiş tədbirlərin davam etdiyini göstərir.

Şagirdlər və valideynlər məktəblərdə artan nəzarət, məcburi ideoloji tədbirlər və hərbi proqramlarla bağlı narahatlıq doğuran faktlar açıqlayıblar.

Şagirdlər hədələnir, ideoloji tədbirlərə məcbur edilir

Dizful şəhərindən olan bir şagirdin məlumatına görə, məktəb rəhbərliyi şagirdlərə Əli və Müctəba Xameneinin təsviri olan bannerlər verərək onlarla şəkil çəkdirməyi tələb edib.

Tələbdən imtina edənlərin məktəbdən qovulacağı və ya polisə təhvil veriləcəyi ilə hədələndiyi bildirilir.

Mərvdəşt şəhərində Təhsil İdarəsinin əməkdaşlarının hicab qaydalarına nəzarət etmək məqsədilə məktəbə gəldiyi, qaydalara əməl etməyən şagirdlərin məktəbdən xaric ediləcəyi barədə xəbərdarlıq edildiyi qeyd olunur.

Tehrandan məlumat verən başqa bir şagird məktəbdə Quran oxumağa məcbur edildiklərini, bundan imtina edənlərin əsas fənlərdən kəsilməklə hədələndiyini bildirib.

Məktəblərdə hərbiləşdirmə və ideoloji səfərbərlik

Əlborz ostanında şagirdlərə məktəbin həyətinə raket buraxılış qurğusunun gətiriləcəyi və silahlı qüvvələr tərəfindən hərbi təlim keçiriləcəyi barədə məlumat verildiyi bildirilir.

Luristan ostanında isə valideynlərə əvvəlcədən xəbər verilmədən istedadlı şagirdləri «Canfida» adlı yürüşə aparıldığı qeyd olunur.

Məktəblərdə Bəsic qüvvələrinin iştirakı, şagirdlərin hərbi geyimdə və hərbi atributlarla küçələrə çıxarılması, uşaqlara silahla davranış qaydalarının öyrədilməsi ilə bağlı məlumatlar da yayılıb.

Müşahidə kameraları və şagirdlər üzərində nəzarət

Tehranda dövlət məktəblərinə və hətta sinif otaqlarına müşahidə kameraları yerləşdirərək onların sayının iki dəfə artırıldığı bildirilir. Əvvəllər sinifin qarşısında bir kamera olduğu halda, sonradan şagirdlərin arxasına da əlavə kamera quraşdırılıb.

Günbəd-Kavus şəhərində məktəb rəhbərliyinin şagirdlərə ikidən artıq şəxsin bir yerdə toplaşmasını qadağan etdiyi bildirilir.

Digər məlumatlarda siniflərdə səs yazılması, şagirdlərin şəxsi əşyalarının yoxlanılması, geyimlərinə müdaxilə və məktəb ekskursiyaları zamanı silahlı əməkdaşların iştirakı barədə də bilgilər var.

Məktəb təhsil müəssisəsidir, ideoloji və hərbi səfərbərlik mərkəzi deyil

İran adlanan ölkədə məktəblilərin təhdid, məcburiyyət və cəza qorxusu altında fars-molla rejiminin ideoloji və hərbi proqramlarına cəlb edilməsi uşaqların təhsil hüququna, şəxsi azadlığına və təhlükəsizliyinə heç bir önəm verilmədiyini açıq şəkildə göstərir.

Məktəb ideoloji və hərbi təbliğatın məcburi həyata keçirildiyi məkan olmamalıdı.

Sadiq İsabəyli

visiontv.az