"TikTok" sosial platforması istifadəçini eynitipli kontentin fasiləsiz izlənməsinə cəlb edən - "dovşan yuvası" adlanan effekti yaradan alqoritmlərə görə Avropa İttifaqının Rəqəmsal Xidmətlər Aktını (DSA) pozur.
Avropa Komissiyasının (AK) ilkin rəylərinə əsasən, bu mexanizm başda yetkinlik yaşına çatmayanlar olmaqla, istifadəçilərin psixoloji vəziyyətinə mənfi təsir göstərir.
"Sizin üçün" (For You) lentinin tövsiyə alqoritmi istifadəçilər üçün sistematik olaraq, psixoloji çətinliklər, depressiv əhval-ruhiyyə, sosial təcrid və bədən görünüşü ilə bağlı mövzulara toxunan fərdiləşdirilmiş videomateriallar seçir.
AK qeyd edib ki, "TikTok"un tövsiyə sistemi istifadəçilərin aktivliyini, o cümlədən baxış vaxtını və "bəyənmə" işarələrini nəzərə alır və bunlar əsasında daha çox analoji kontent təklif edir.
Xüsusilə, arıqlama və ya xarici görünüşlə bağlı videolara dəfələrlə baxılması alqoritm tərəfindən maraq göstəricisi kimi qəbul edilə və bu cür materialları irəli çəkə bilər.
AK hesab edir ki, bu cür təkrarlanan təsir təşviş vəziyyətlərini, öz bədənindən narazılığı gücləndirə, özünəinamı aşağı sala, həmçinin mövcud qida qəbulu pozuntularını və digər psixoloji problemləri kəskinləşdirə bilər.
Komissiya, həmçinin "TikTok"un bu cür tövsiyələrin yaratdığı riskləri qiymətləndirmədiyi və onların azaldılması üçün effektiv tədbirlər görmədiyi qənaətinə gəlib.
AK-nin qiymətləndirməsinə görə, mövcud nəzarət alətləri kifayət qədər effektiv deyil. Xüsusilə, "Maraqlı deyil" düyməsi hər zaman istifadəçilərə lentin məzmununu dəyişdirməyə imkan vermir, çünki alqoritm istifadəçinin birbaşa istəyindən daha çox baxış vaxtına üstünlük verir.
Hazırkı mərhələdə komissiyanın rəyləri ilkin xarakter daşıyır. "TikTok" yazılı etirazlarını təqdim edə bilər.
Qayda pozuntularının yekun təsdiqi halında, Komissiya platformanın DSA tələblərinə riayət etməməsi barədə qərar qəbul edə və şirkətin ümumi illik qlobal dövriyyəsinin 6 %-nə qədər cərimə tətbiq edə bilər.
visiontv.az