Ursula fon der Leyen iyulun 1-də Azərbaycana səfər edəcək
28.06.2026

AzadlıqRadiosunun mənbələri bildirib ki, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen iyulun 1-də Azərbaycana səfər edəcək.

Onun Cənubi Qafqaz səfəri Bakıdan başlayacaq. Bakıdan sonra isə o, Yerevana yollanacaq. Leyen Yerevanda iyulun 2-3-də olacaq.

Bundan öncə “Politico” nəşri üç mənbəsinə istinadən Leyenin Ermənistana səfər edəcəyini yazmışdı. Onu Ermənistanda AB-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kosun müşayiət edəcəyi bildirilmişdi.

“Politico”ya anonim danışan AB nümayəndəsi Leyenein səfərinin Rusiyaya mesaj olacağını demişdi.

Leyen sonuncu dəfə Cənubi Qafqazda may ayında olub. O zaman Avropa Komissiyasının lideri digər avropalı liderlərlə birgə Yerevana Avropa Siyasi Cəmiyyətinin iclasında iştirak üçün gəlib.

Səfər ərəfəsində Avropa Birliyi Ermənistana 34 milyon avroluq yardım paketi elan edib. Bunun Rusiyanın Ermənistan məhsullarına qadağaları fonunda onun iqtisadiyyatının saxlanması üçün nəzərdə tutulduğu bildirilib.

visiontv.az