Ukrayna çərşənbə axşamı Rusiyanın Kursk bölgəsinə müdaxiləsi zamanı ələ keçirdiyi əraziləri saxlamaq niyyətində olmadığını bildirib. Eyni zamanda Ukrayna qoşunlarının bölgədəki addımlarının “tamamilə qanuni” olduğunu vurğulayıb.
Ukrayna Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Georgi Tixiy mətbuat konfransında "Ukrayna Kursk vilayətinin ərazisini ələ keçirməkdə maraqlı deyil. Ukraynanın bu davranışı tamamilə qanunidir" deyib.
Bazar ertəsi Ukrayna Kursk vilayətinin azı 800 kvadrat kilometrinə nəzarət edib. Bu nəticəni France Press xəbər agentliyi Müharibə Tədqiqatı İnstitutunun (ISW) təqdim etdiyi məlumatlara əsasən bildirib.
Xatırladaq ki, keçən çərşənbə axşamı Kyiv Kursk vilayətinin qərbinə gözlənilmədən hücuma keçərək, 20-dən çox yaşayış məntəqəsini ələ keçirib.
Vaşinqtonda yerləşən qeyri-kommersiya Müharibə Tədqiqatı İnstitutunun (ISW) tədqiqat qrupu mütəmadi olaraq, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə bağlı taktiki məlumatlar təqdim edir.
Bazar ertəsi yayımlanan videoda Ukrayna Silahlı Qüvvələrinin komandanı Aleksandr Sırski Ukrayna prezidenti Volodimir Zelenskiyə Ukrayna qoşunlarının Rusiya təxminən 1000 kvadrat kilometr ərazisinə nəzarət etdiyini və "hücum əməliyyatlarının" davam etdirildiyini bildirib.
Zelenski xalqa müraciətində deyib ki, trans-sərhəd hücumu yalnız "təhlükəsizlik məsələsi" və Rusiya ordusunun Ukraynanın Sumı vilayətinə hücumlara başladığı "sərhəd bölgəsinin azad edilməsi"dir.
visiontv.az