Türkiyə Şimali Atlantika Alyansının (NATO) Şərq qanadındakı tərəfdaşlarına hərbi yanacaq çatdırılması məqsədilə dəyəri 1.2 milyard dollar olan yeni boru kəməri layihəsini təklif edib.
Visiontv.az "Hürriyyet" nəşrinə istinadən verdiyi məlumata görə, Milli Müdafiə Nazirliyi bu təşəbbüsün mövcud alternativlərlə müqayisədə beşqat effektiv olduğunu və müsbət cavab veriləcəyi təqdirdə qısa zaman ərzində reallaşdırılacağını bəyan edib.
"Layihə NATO-nun yanacaqla təminat imkanlarını artırmaqla yanaşı, dəniz marşrutlarından asılılıq səviyyəsini də aşağı salacaq", - deyə nazirlikdən vurğulanıb.
Bununla yanaşı, Almaniya tərəfindən verilən "Patriot" hava hücumundan müdafiə sistemlərinin iyun ayında quraşdırılacağı və təqribən altı ay ərzində aktiv olacağı diqqətə çatdırılıb. Eyni zamanda, Türkiyə və Almaniya arasında təhlükəsizlik və müdafiə sektorunda tərəfdaşlığın daha da dərinləşdiyi xüsusi qeyd olunub.
Nazirlik həmçinin "EFES-2026" hərbi təlimlərinə Suriya və Liviya silahlı qüvvələrinin də qatıldığını açıqlayıb. Bildirilib ki, Ankara "vahid Liviya, vahid ordu" hədəfini müdafiə edir, Suriyanın bərpası işlərinə isə keçirilən hərbi hazırlıqlarla öz töhfəsini verir.
Nazirlik Qəzza zolağına humanitar yüklər daşıyan "Qlobal donanma" gəmilərinin beynəlxalq sularda İsrail hərbçiləri tərəfindən mühasirəyə alınmasını piratlıq kimi qiymətləndirib və saxlanılan şəxslərin dərhal sərbəst buraxılmasını istəyib. Əlavə olaraq, İran və ABŞ arasındakı müzakirələrdə konstruktiv mövqeyin önəmi və İsraillə Livan arasında atəşkəs rejiminin müddətinin uzadılması təqdirəlayiq hal hesab edilib.
visiontv.az