Şlaqbaum qalxdı nəhayət. Qatarların keçməsini gözləyərkən ən az beş dəqiqə itirdik. Qaza bir az çox basıram, ancaq qarın artdığını görüb sürət yapmaqdan vaz keçirəm. Zatən monitor 10-15 dəqiqəlik bir məsafə qaldığını göstərir.
Asvalt xaricində hər tərəf bəyaza bürünüb. Artıq özümü qarlı havada xam sürücü saymıram…
Oxucularıma yolları düşər deyə bir az yol tərifi verim…
Buraya qatarla da gəlmək olar. Rappersvill ya da Lütserndən avtomobillə, Brunnendən isə Art-Qoldauda qatar dəyişdirərək Aynzidelnə varmaq çətin deyil. Amma qatara verəcəyiniz pulla maşını ən az üç dəfə benzinlə doldurmaq olar. Dünyanın ən varlı ölkələrindən birində qatar biletləri bahadır, qatarla səyahət etmək isə lüks. Təbii ki, qatar biletinin qiyməti bizim üçün bir lüksdür, isveçrəlilərə isə belə şeylər “semiçka puludur”.
Hər şey kimi benzin də çox bahadır – 1 litri 1,73 frankdır (3,34 manat). Burada Türkiyədəki ya da bizdəki kimi addımbaşı yanacaq doldurma stansiyası yoxdur, yol işarələrinə baxaraq tapırdıq stansiyaları. Yanacağın bitdimi yolun ortasında qalma ehtimalı yüksəkdir, ona görə tədbirli olmaq lazımdır…
Socar stansiyasından maşını “full” doldururam. Borcum düz 49.35 frank (təxminən 95 manat) tutdu. Xeyiri özümüzünkülərə verdiyim üçün təbəssüm edirəm. Qəribə bir hissdir, İsveçrənin hər tərəfində ən baxımlı, ən səliqəli yanacaq doldurma stansiyaları doğma Socar loqoludur…
Kəndə girmək üzrəyik deyir “müavinim”. Bizim Nizami küçəsindəki dörd-beş mərtəbəli binaları görüncə “Nəyisə qarışdırmışıq, deyəsən. Belə də kənd olar, Torqovıya oxşayır” deyirəm. “Yox, düz gəlmişik, bura Aynzidelndir – Siyah Madonnanın kəndi” – əminliklə söyləyir.
Kəndin geniş mərkəzi küçəsi ilə maşını yoxuşa – meydan istiqamətinə sürürəm. Küçə bitəndə qarşımıza Aynzideln Monastırı çıxır. “Sürprizin budurmu?” sualıma “Təbii ki, yox. Bir az səbrin olsun” deyə cavab verir…
Aynzideln Monastırı Şvits (Schwyz) kantonundakı Benedikt rahiblərinin abbatlığıdır. Monastır kilsənin içindəki Siyah Maddonası ilə məşhurdur. Monastırın yaradılmasının rəsmən təsdiqlənməsi ilə 937-cü ildə ona toxunulmazlıq statusu verilir.
Dindarların Avropada ən çox ziyarət etdiyi yerdir Aynzideln Monastırı. Hər il buraya 300 minə yaxın mömin gəlir. Ziyarətçi axınına görə onunla ancaq İspaniyadakı Montserrat dağı “yarışa” bilər. Lakin Madonnanın qarası, necə deyərlər, elə Afrikada da Madonnadır.
Madonnanın möcüzəsinə və onun gücünə elə inanırlar ki, bura gələnlərin axını heç vaxt dayanmır…
Maşını meydanın qarşısındakı dayanacağa park edirəm. Bir saat bizə yetər düşüncəsi ilə avtomata 1 frank (1,93 manat) atıb, kilsəyə doğru addımlayırıq. Kilsənin qəmbər daşlı avlusu dümağdır, qarda sürüşməmək üçün hər addımımızı ehtiyatla atırıq.
Kilsənin içində günorta ayini başlayıb. Girişdə şəkil və video çəkməyin yasaq olduğu yazılıb. Monastırın xarici görünüşü nə qədər ehtişamlıdırsa içəridəki təsvir olunmaz gözəlliyi də ondan geri qalmır.
Girişin sağ tərəfində, şəbəkə şəklindəki dəmir məhəccərin arxasında Siyah Madonna dəyir gözümüzə. Onun qara rəngi haqqında müxtəlif versiyalar var. Onlardan biri 15-ci əsrdən bəri ayinlər zamanı Siyah Madonnanın tilsimli çöhrəsi önündə yandırılan şamlar heykələ qaralıq verməsini deyir.
Rəvayətə görə İsa Məsih 948-ci ildə zühur edərək kilsəni təqdis edib. Bu səbəbdən də 5 əsrdən çoxdur ki, milyonlarla zəvvar bayramlarda “Alemannia”nın bu mənəvi mərkəzini ziyarət edirlər…
Aynzidelndən Lütsern şəhərinə gedirik. “Luzern” yazıb (şəhərin almanca adı) naviqatorun göstərdiyi istiqamətə tutunuram. Cəmi 35 km yolumuz var. Hələ də buranın kənd sayılmasına inanmadığımı düşünürdüm. 10 dəqiqə sonra yoldaşım gözünü telefondakı “Google Maps”dan ayırmadan “Sağda mənzərə seyr etmək üçün bir meydança olmalıdır. Orada saxlaya bilərsənmi?” deyir və əlavə edir: “Sənə Onun doğulduğu kəndi göstərəcəm”.
Deyəsən, birinci sürprizi budur deyə təxmin edirəm…
2-ci yazı.
(davamı var)
İbrahim Nəbioğlu
visiontv.az