Tramp İran məsələsində Avro-Atlantik mühitin yekdil mövqe nümayiş etdirməsinə çalışır
09.07.2026

ABŞ ilə İranın atəşkəs mərhələsini və sonrakı sülh razılaşmasını əhatə edən Anlaşma Memorandumu pozuldu.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) 7 iyulda İranın Hürmüz boğazındakı kommersiya gəmilərinə təkrar hücumlarına cavab olaraq İrandakı 80-dən çox hədəfi vurduğunu bildirdi.

İran həmçinin ABŞ-nin bu hücumlarına Bəhreyn və Küveytdəki ABŞ hərbi obyektlərinə hücum etməklə cavab verib.

ABŞ Prezidenti Donald Tramp NATO-nun Ankarada keçirilən Zirvə sammiti ərəfəsində İrana hücum kampaniyasını bərpa etməklə iki mesaj vermiş oldu.

Birincisi, bu hücum Rusiya-Ukrayna müharibəsində Vladimir Putin üçün NATO sammiti öncəsi yaratmaq istədiyi informasiya və geosiyasi şərtlərə qarşı effektiv gediş idi (ayrıca, geniş mövzudur).

İkincisi, Tramp NATO sammiti zamanı Alyansın ABŞ-yə dəstək olması üçün qərarlarına təsir etmək və İran məsələsində Avro-Atlantik mühitin yekdil mövqe nümayiş etdirməsinə çalışdı.

Lakin Ankara Bəyannaməsində İranla bağlı ehtiyatlı mövqe göstərildi və bu, ABŞ-nin hərbi kampaniyasına hərtərəfli dəstək mexanizmini əks etdirmir.

Donald Tramp Ukrayna müharibəsinə nisbətdə Rusiya qarşısında əlverişli, İranla gərginlikdəki çətin mövqelərdən ABŞ-nin oyunu dəyişdirən hücum həyata keçirməyə qərar verdi.

ABŞ-İran qarşıdurmasının budəfəki epizodları ehtimal ki, İranın Hörmüz boğazı üzərində Tehranın diktə etdiyi nəqliyyat zolaqları yaratmaq iddialarına son qoymayacaq.

Çünki İranın Hörmüz boğazını azad və açıq beynəlxalq tranzit marşrutu kimi fəaliyyət göstərdiyi əvvəlki status-kvoya qaytarmaq niyyəti yoxdur.

Hörmüz boğazına nəzarət İrana ABŞ qarşısında çəkindiricilik və alternativ gəlir mənbəyi təqdim edir. İran rüsumlar tətbiq etməklə il ərzində 40 milyard dollar gəlir əldə edəcəyinə inanır ki, bu, ölkənin son illərdəki illik neft ixracı gəlirləri ilə ekvivalentdir.

İkinci tərəfdən isə İran dünyada enerji qiymətlərinə təsir göstərən qüvvə olduğunu isbatlamağa çalışır. Bu, dünya hegemonyasında ABŞ mərkəzli iqtisadi qərarlar, sanksiyalaşdırmaq siyasətinə qarşı Tehranın qurmaq istədiyi mexanizmdir.

Ancaq zaman keçdikcə, ABŞ-nin İranla bağlı sərtləşdirilmiş, bununla paralel olaraq əməkdaşlığın dərinləşdirilməsi strategiyasının hibridləşməsini görmək mümkün ola bilər. Bu, Anlaşma Memorandumunda ABŞ-nin İran iqtisadiyyatı üçün 300 milyard dollarlıq sərmayə portfelində gizlidir. ABŞ budəfəki hücumlarla həmin portfelin həyata keçirilməsinə ən əlverişli bucaqdan yanaşmaq iddiasını ortaya qoya bilər. Bu, müharibənin və ya hərbi qarşıdurmalarının ya fasiləli olacağını müəyyənləşdirir, ya da ümumiyyətlə Yaxın Şərqə Vaşinqton-Tehran sövdələşmələri üçün həlledici şərtləri təyin edir.

Yəni ABŞ ilə İran arasında hərbi eskalasiyanın dərinləşəcəyi ehtimalı zəif görünür, bunun əvəzində isə tərəflər gələcək əməkdaşlıqda dominant mövqedə olmaq üçün meyar təyin etməyə cəhd göstərirlər. İranda bu təşəbbüs SEPAH-ın əlindədir.

SEPAH Müctəba Xameneinin Ali Rəhbər postuna varisliyini təmin edib, Hörmüz boğazından keçən gəmilərdən rüsum almaq niyyətini nümayiş etdirib və xarici siyasətə nəzarətini gücləndirərək ABŞ ilə danışıqlar qrupuna nəzarət edib. İranda neft gəlirlərinin 20 faizi silahlı qüvvələrə ayrılır. Bununla yanaşı, SEPAH keçmiş ali lider Əli Xameneinin yaratdığı və neft gəlirləri hesabına maliyyələşən Milli İnkişaf Fonduna da imtiyazlı çıxışa malikdir. Bu, onun ölkənin əsas maliyyə resursları üzərində təsirini daha da gücləndirib.

Nəticədə, ABŞ və İsraillə müharibədən sonra İranın gələcəyinə təsir imkanlarını əhəmiyyətli dərəcədə artıraraq əvvəlkindən daha güclü mövqe qazanıb.

İranın Cənubi Qafqaz strategiyası

İranın Cənubi Qafqaz strategiyasında Gürcüstan mühüm rol oynayır. Gürcüstandakı İranla əlaqəli seminariyalar, xeyriyyə təşkilatları, media qurumları və ruhani şəbəkələri Tehranın daha geniş regional təsir strategiyasının bir hissəsi kimi başa düşülməlidir. Digər tərəfdən isə İran siyasətində Ermənistana qarşı dilin radikallaşması müşahidə edilir. Gürcüstandakı azərbaycanlılar amili Tehran üçün proksi hərəkətlənməni sürətləndirmək, Ermənistan məsələsi hərbi hədə dilini stimullaşdırmaq, Azərbaycan isə əməkdaşlıq modelinə üstünlük verilən faktordur. Bu, İranın geosiyasət tənliklərində bəzi dəyişiklik əlamətlərini göstərə bilər.

ABŞ-nin İrana növbəti hücumu zamanı İranın Ermənistandakı səfiri Xəlil Şirqulami İsrail qüvvələrinin Azərbaycanda yerləşdirilməsi ilə bağlı iddiaların (CNN-nin məlumatı idi) həqiqəti əks etdirmədiyini dedi. Bu bəyanatın verilmə vaxtı İran siyasətinin dərinlikdə formaca dəyişən xarakterinə işarə edir.

Ümumiyyətlə, 2025-ci ilin sonlarında İranın Ermənistandakı səfirini dəyişməsi Tehranın Cənubi Qafqaz siyasətində prioritetlərin yenidən qiymətləndirilməsi kimi dəyərləndirilə bilər. SEPAH-la yaxın əlaqələri olan Mehdi Sübhaninin yerinə İran Xarici İşlər Nazirliyinin peşəkar diplomatı Xəlil Şirqulaminin təyin olunması, Tehranın dəyişən regional geosiyasi şəraitə daha çox diplomatik alətlərlə cavab verməyə üstünlük verdiyini göstərən addım kimi qiymətləndirilir.

Onun diplomatik fəaliyyəti İranın regional tərəfdaşları ilə koordinasiya mexanizmlərinin formalaşdırılması kontekstində dəyərləndirilir. Bu baxımdan, Sübhaninin Ermənistandakı fəaliyyəti də Tehranın regional təhlükəsizlik və xarici siyasət prioritetlərinin tərkib hissəsi kimi nəzərdən keçirilirdi.

İranın Yaxın Şərqdə geosiyasi mövqeyinin zəifləməsi, xüsusilə Suriyada Bəşər Əsəd hakimiyyətinin süqutundan sonra regional güc balansında baş verən dəyişikliklər Tehranın xarici siyasət yanaşmasına da təsir göstərib. Nəticədə, Cənubi Qafqaz İran üçün təkcə təhlükəsizlik deyil, həm də iqtisadi və tranzit baxımından artan strateji əhəmiyyət kəsb etməyə başlayıb.

Bu kontekstdə regional nəqliyyat və logistika layihələri, o cümlədən TRIPP marşrutu ətrafında formalaşan yeni geosiyasi dinamika İranın regional münasibətlərinin məzmununa birbaşa təsir göstərir. Bu münasibətlərdə Ermənistan dərin qatlarda hədəf, Azərbaycan isə əməkdaşlıq mühiti kimi başa düşülə bilər.

Xəlil Şirqulaminin səfir təyin edilməsi də məhz bu dəyişən şəraitdə Tehranın diplomatik çevikliyini artırmağa hesablanmış qərar kimi qiymətləndirilə bilər.di Onun böhran diplomatiyası, çoxtərəfli danışıqlar və mürəkkəb regional mühitdə fəaliyyət təcrübəsi İranın yeni geosiyasi reallıqlara uyğunlaşmaq, mövcud tərəfdaşlıqları qorumaq və dəyişən regional balans şəraitində diplomatik manevr imkanlarını genişləndirmək məqsədlərinə xidmət edən amillər sırasındadır.

Şirqulaminin açıqlaması bu baxımdan daha dərindən işlənilmiş geosiyasi yanaşmanın məzmununu açır…

Aqşin Kərimov, Siyasi təhlilçi

visiontv.az