İranın rəsmi KİV-ləri ABŞ-ın ötən gecə həyata keçirdiyi hava zərbələri zamanı Türkmənsəhrada (Gülüstan ostanı) yerləşən dəmir yolu körpüsünün hədəfə alındığını bildiriblər.
İranın dövlət televiziyası IRIB X sosial şəbəkəsində yazıb ki, "Gülüstan ostanında yerləşən bir körpüyə bir neçə mərmi düşüb."
Mehr xəbər agentliyi də oxşar məlumat yayaraq bildirib ki, hədəfə alınan körpü Ağqala (Aqqala) şəhərində yerləşən "Ağtəkkə Xan" dəmir yolu körpüsüdür. Körpü Gorgan–İnçəburun dəmir yolu xətti üzərində yerləşir.
Məlumata görə, bu, İranla ABŞ arasında atəşkəsin qüvvəyə minməsindən sonra İranın şimal bölgələrində qeydə alınan ilk hücumdur.
Bu arada, Axios jurnalisti Barak Ravid ABŞ hərbi rəsmisinə istinadən bildirib ki, ABŞ qüvvələri İranda iki dəmir yolu körpüsünü hədəfə alıb.
visiontv.az