Ankara sammitinin kulisindən sızan elə bir cümlə var ki, o, yaxın onilliyin qlobal təhlükəsizlik memarlığını xarakterizə edir. Avropa liderləri rəsmən Donald Trampa üz tutaraq, "Ser, bilirsiniz ki, biz sizi sevirik!" dedilər.
Qərb mətbuatının, xüsusilə ABŞ mediasının "Flattery Diplomacy", yəni "Tərif diplomatiyası" adlandırdığı bu xüsusi gediş sadəcə emosional bir etiraf deyil, böyük bir strateji gedişatın parçası idi. Avropalı diplomatlar Trampın tərif və şəxsi sadiqliyi sevən, biznes təfəkkürlü xarakterini yaxşı bildiklərindən, onunla münasibətləri məhz bu "rametmə" taktikası ilə qurdular.
Və bu taktika işə yaradı! Vaxtilə NATO-nu "vaxtı keçmiş təşkilat" adlandıran, Avropanı hərbi xərcləri ödəməməkdə ittiham edən Trampla alyans arasında buzlar Ankarada tamamilə əridi. Bu sammitin ən böyük strateji yekununu tək bir cümlə ilə ifadə etmək olar: Trampla NATO-nun böyük tarixi barışığı.
Avropa liderləri artıq Trampın tələb etdiyi reallığı qəbul etdilər: hərbi büdcələr kəskin artırılır, ÜDM-in minimum 2%-lik müdafiə limiti rəsmən keçilir. Tramp isə bu "Tərif diplomatiyası" və hərbi öhdəliklərin qarşılığında NATO-nun vahid çətirini daha da gücləndirir və Ukrayna masasında ən radikal addımları atır. Məhz bu "böyük barışıq" fonunda Kiyevə 70 milyard avroluq hərbi paket təsdiqləndi və Ukraynaya öz daxilində Amerika "Patriot" raketlərini istehsal etmək üçün tarixi lisenziya verildi.
Bu barışıq Rusiya üçün nə dərəcədə qorxuludur?
Moskva aylardır, bəlkə də illərdir tək bir ssenariyə ümid bəsləyirdi: Tramp gələcək, NATO parçalanacaq, Avropa tək qalacaq və Ukrayna təslim ediləcək. Kremlofaşizmin bütün strateji hesablamaları bu xaos mifi üzərində qurulmuşdu. Lakin Ankara Külliyəsindən yüksələn "Sir, biz səni sevirik" sədaları bu mifə birdəfəlik son qoydu.
İndi Rusiya qarşısında parçalanmış bir Qərb yox, Trampın hərbi qətiyyəti ilə Avropanın milyardlıq hərbi maşınının birləşdiyi divar tapır. Üstəlik, daxildə Sibirə qədər uzanan neft-benzin böhranı və logistik ifliclə boğuşan Rusiya üçün NATO-nun bu yeni, vahid və aqressiv arxitekturası strateji ölüm hökmüdür. Ankarada sadəcə bəyanatlar verilmədi, orada yeni dünya nizamının dəmir yumruğu rəsmiləşdirildi!
İbrahim Nəbioğlu
visiontv.az